8 noyabr Azərbaycan xalqının tarixində xüsusi yeri olan gündür. Bu tarix milli qürurumuzun, birliyimizin və tarixi qələbəmizin təcəssümü olan Zəfər Günüdür. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov üçün isə bu gün ikiqat bayramdır: o, doğum gününü məhz Zəfər Günündə qeyd edir. Qarşıda qiymətləndiricilər üçün daha bir əlamətdar tarix var: 30 noyabrda 2024-cü ildə təsis olunmuş Palatanın fəaliyyətinin iki ili tamam olur.
"Report" milli qiymətləndirmə standartları, metodoloji sənədlər, elektron infrastruktur, bazar indeksləri, qiymət xəritələri və beynəlxalq əməkdaşlıq istiqamətlərində fəaliyyət göstərən AQP sədri Nüsrət İbrahimovla iki illik fəaliyyətin nəticələri və qarşıdakı dövrün strateji hədəfləri barədə söhbət edib. Müsahibəni oxucularımıza təqdim edirik:
- AQP-nin yaradılması ilə sektorda yeni institusional mərhələnin əsası qoyulub. Bu müddətdə peşəkar ekosistemin formalaşdırılması üçün hansı addımlar atılıb?
- Palatanın təsisini Azərbaycan qiymətləndirmə sektorunun tarixində yeni institusional mərhələnin başlanğıcı hesab edirəm. 30 noyabr 2024-cü ildə keçirilən ümumi yığıncaqla qiymətləndirmə fəaliyyətinin özünüidarəetmə prinsipləri əsasında təşkilinin təməli qoyulub.
İlk mərhələdə əsas vəzifəmiz Palatanın hüquqi, təşkilati və idarəetmə mexanizmlərini formalaşdırmaq idi. Rəyasət Heyətinin, İntizam Komissiyasının, Elmi-Metodoloji Şuranın və digər funksional qurumların fəaliyyətini təşkil etdik, üzvlük və reyestr mexanizmlərini qurduq, peşəkar məsuliyyət və etik davranış prinsiplərini müəyyənləşdirdik. Lakin institusional quruculuq bununla məhdudlaşmır.
Əsas məqsədimiz qiymətləndirmə fəaliyyətinin bütün iştirakçılarını birləşdirən işlək sistem yaratmaqdır. Burada birinci məsələ qiymətləndirmə istiqamətləridir. "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunda doqquz əsas istiqamət müəyyən olunub, onuncu istiqamət isə "digər qiymətləndirmə obyektləri" kimi açıq saxlanılıb. Bu yanaşma iqtisadiyyatın inkişafı ilə meydana çıxacaq yeni qiymətləndirmə obyektlərini də fəaliyyət dairəsinə daxil etməyə imkan verir. Hər bir istiqamət üzrə mütəxəssis potensialının, metodoloji təminatın və ixtisaslaşmanın inkişafını vacib hesab edirik.
İkinci məsələ qiymətləndirmə subyektləri və sifarişçilərlə sistemli əməkdaşlıqdır. Buraya fərdi qiymətləndiricilər, qiymətləndirici təşkilatlar, dövlət və özəl qurumlar, banklar, sığorta şirkətləri, məhkəmələr, hüquq-mühafizə orqanları, notariat və digər sifarişçilər daxildir. Bu münasibətlərin sağlam əsaslarda qurulması qiymətləndirmə bazarının etibarlılığına birbaşa təsir göstərir.
Hazırda AQP-nin portalındakı reyestrdə 209 qiymətləndirici və 138 qiymətləndirici təşkilat qeydə alınıb. Bu rəqəmlər peşəkar ekosistemin miqyasını göstərir. Reyestrin genişləndirilməsi və istiqamətlər üzrə ixtisaslaşmanın dərinləşdirilməsi davam edir. Standartlaşdırma və Metodologiya Komissiyası, Ekspertiza Şurası və digər peşəkar strukturlar vasitəsilə təhsil, ekspertiza və keyfiyyətə nəzarət funksiyalarını gücləndiririk. Əsas hədəfimiz bazar iştirakçıları arasında institusional əlaqələri möhkəmləndirmək, şəffaf rəqabət mühitini inkişaf etdirmək və xidmətin keyfiyyətini sektorun əsas meyarına çevirməkdir.
- Etibarlı qiymətləndirmə sisteminin formalaşmasında qanunvericilik və metodoloji baza mühüm rol oynayır. AQP bu bazanın təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün nələr edib?
- Qiymətləndirmənin etibarlılığı ilk növbədə elmi əsaslandırılmış metodologiyaya, vahid standartlara və keyfiyyətli məlumata söykənir. Buna görə metodoloji və normativ bazanın genişləndirilməsini fəaliyyətimizin əsas prioritetlərindən biri kimi müəyyən etmişik: metodoloji sənədləri sistemləşdiririk, qiymətləndirmənin müxtəlif sahələri üzrə təlimat və metodikalar hazırlayırıq, Beynəlxalq Qiymətləndirmə Standartları (IVS) ilə uyğunluğu təmin edirik.
Bu gün AQP-nin portalında metodologiyalar üzrə 26 bölmə təqdim olunub. Onlar daşınmaz və daşınar əmlakı, torpağı, müəssisələri, qeyri-maddi aktivləri, təbii sərvətləri, mədəni irsi, riskləri, infrastruktur aktivlərini, sığorta, vergi və digər ixtisaslaşmış sahələri əhatə edir. Qiymətləndiricinin gündəlik işinə birbaşa təsir edən metodologiyaları ayrıca qeyd edərdim: düzəliş əmsallarının hesablanması, diskont və kapitallaşdırma dərəcələrinin müəyyənləşdirilməsi, bazar məlumatlarının toplanması və yoxlanılması, aylıq bazar indekslərinin hesablanması. Düzəliş əmsallarını açıq bazar məlumatları əsasında hesablayıb portalda yerləşdiririk.
Milli Qiymətləndirmə Standartlarının yeni layihəsi də hazırlanır. Prinsipimiz sadədir: beynəlxalq standartlarda olanı təkrar yazmırıq, ona istinad edirik və milli qanunvericiliyin tələb etdiyi əlavələri veririk.
Qanunvericilik bazasının təkmilləşdirilməsi də mühüm istiqamətdir. Bu məqsədlə Prezident yanında müvafiq publik hüquqi şəxslə əməkdaşlıq edirik. Palata "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklər üzrə təkliflər paketi hazırlayıb: hesabatların elektron reyestri, qiymətləndirici təşkilatlarda daxili keyfiyyət nəzarəti, təşkilatların intizam məsuliyyəti və kütləvi qiymətləndirmə kimi məsələlər bu paketə daxildir. Məqsədimiz qanunvericiliyi praktiki tələblərə uyğunlaşdırmaq və qiymətləndirmə fəaliyyətində yaranan hüquqi boşluqları aradan qaldırmaqdır. Sağlam bazar mexanizmləri üçün normativ təminatla yanaşı, şəffaf rəqabət, peşəkar məsuliyyət və keyfiyyətə nəzarət də vacibdir.
Ayrıca vurğulamaq istədiyim istiqamət AQP indeksləridir. Qiymətləndirmə sektorunu yalnız ayrı-ayrı obyektlərin dəyərini müəyyən edən fəaliyyət sahəsi kimi deyil, iqtisadi prosesləri ölçən və təhlil edən analitik sistem kimi də inkişaf etdiririk. Hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini ictimaiyyətə təqdim edirik. 2026-cı ilin sentyabrında AQP Daşınmaz Əmlak Bazarı İndeksi 105,4 bənd, AQP Tikinti İndeksi isə 110,2 bənd təşkil edib (baza: 2025-ci ilin dekabrı = 100). Seqmentlər üzrə dinamika fərqlidir və bu, bazarı vahid rəqəmlə deyil, seqmentlər üzrə izləməyin vacibliyini göstərir.
Bu indekslər iqtisadi subyektlərə bazar tendensiyalarını izləmək, investor və sifarişçilərə qərar qəbul edərkən informasiya dəstəyi almaq, qiymətləndiricilərə isə bazar dəyişikliklərini daha əsaslandırılmış şəkildə təhlil etmək imkanı verir. Bir məqamı xüsusi qeyd edim: indeks konkret əmlakın qiymətləndirilməsini əvəz etmir. O, bazarın bütövlükdə və ya ayrı-ayrı seqmentlər üzrə dinamikasını ölçən statistik göstəricidir. Məqsədimiz bu göstəricilərin metodoloji etibarlılığını, əhatəliliyini və müntəzəm yenilənməsini təmin etməkdir.
Rəqəmsallaşma qiymətləndirmə sektorunda şəffaflığın və operativliyin artırılması üçün yeni imkanlar yaradır. AQP-nin rəqəmsal layihələri bu sahədə hansı dəyişikliklərə səbəb olacaq?
- Rəqəmsal transformasiyanı sektorun gələcək inkişafının əsas dayaqlarından biri hesab edirik. Hədəfimiz sadəcə elektron xidmətlər yaratmaq deyil, qiymətləndirmə fəaliyyətinin bütün mərhələlərini birləşdirən vahid rəqəmsal infrastruktur formalaşdırmaqdır.
Bu infrastrukturun əsas elementi Qiymətləndiricinin Elektron Portalıdır. Portal üzərindən qiymətləndiricilərin fəaliyyətlərinin tənzimlənməsi və təşkilatların məlumatlarının idarə olunması, hesabatların qeydiyyatı, məlumatların toplanması, analitika və keyfiyyətə nəzarət mexanizmlərinin inkişafı nəzərdə tutulur.
QR kod texnologiyası bu sistemin vacib komponentidir. Hər qiymətləndirmə hesabatı unikal identifikatorla əlaqələndirilir: bu, sənədi sistemdə yoxlamağa, həqiqiliyini təsdiqləməyə və saxta hesabatlarla mübarizə aparmağa imkan verir. Bu, həm sifarişçilərin, həm də dövlət və özəl qurumların maraqlarına xidmət edir.
Rəqəmsal infrastrukturun digər mühüm istiqaməti bazar məlumatlarının xəritələşdirilməsidir. Bu yaxınlarda AQP-nin portalında "Qiymət xəritəsi", "Paytaxtın dinamik qiymətləndirilməsi: daşınmaz əmlak" videoroliki və "Bakının zonalar üzrə xəritəsi" layihələri təqdim olunub. 2026-cı ilin üçüncü rübü üzrə xəritə 59 307 əmlak elanının təhlilinə əsaslanır. Bakıda yeni tikililər üzrə 52, köhnə tikililər üzrə 44 qiymət zonası müəyyən edilib, xəritədə 653 yaşayış kompleksi əks olunub.
Burada tətbiq etdiyimiz 25/25 yanaşması da maraqlıdır: elanlar qiymətə görə sıralanır, ən aşağı və ən yüksək 25 faiz kənarlaşdırılır, qalan 50 faizin orta qiyməti hesablanır. Statistikada bu üsul kəsilmiş orta adlanır və kənar qiymətlərin nəticəyə təsirini azaldır. Bundan əlavə, 2016-cı ildən bəri qiymət dinamikası, rayonlar və zonalar üzrə müqayisələr, interaktiv xəritələr, CSV formatında məlumat yükləmələri və PDF hesabatlar bazar məlumatlarını daha əlçatan edir.
Bu layihələrin arxasında böyük məlumat infrastrukturu dayanır. 2015-ci ildən formalaşdırılan məlumat bazasına hər ay təxminən 100 min məlumat daxil edilir; bu, uzunmüddətli bazar müşahidəsi üçün dəyərli resursdur. Növbəti mərhələdə coğrafi informasiya sistemlərinin genişləndirilməsi, məlumatların digər informasiya sistemləri ilə inteqrasiyası, avtomatlaşdırılmış qiymətləndirmə modelləri və süni intellekt əsaslı analitik alətlər üzərində işləyəcəyik.
Əsas prinsipimiz budur: texnologiya qiymətləndiricini əvəz etməməli, onun peşəkar qərarını daha dəqiq məlumatla təmin etməlidir. Rəqəmsallaşma şəffaflığı, sürəti və obyektivliyi artırmalı, hesabatların yoxlanılmasını asanlaşdırmalıdır.
- Beynəlxalq standartlara inteqrasiya və qlobal təcrübənin tətbiqi milli qiymətləndirmə sisteminin gələcək inkişafı üçün nə dərəcədə əhəmiyyətlidir? Palatanın növbəti mərhələ üzrə prioritetləri hansılardır?
- Beynəlxalq inteqrasiya prioritetlərimizdən biridir. Qiymətləndirmə qlobal iqtisadi münasibətlərin, investisiyaların, maliyyə hesabatlılığının və aktivlərin idarə edilməsinin mühüm komponentidir, ona görə milli sistemimiz beynəlxalq peşəkar prinsiplərlə uzlaşmalıdır.
Bu baxımdan Beynəlxalq Qiymətləndirmə Standartlarının tətbiqi, beynəlxalq metodoloji yanaşmaların öyrənilməsi, xarici təcrübənin milli xüsusiyyətlərə uyğunlaşdırılması və peşəkar əlaqələrin genişləndirilməsi istiqamətində iş aparırıq. Regional və beynəlxalq konfranslarda iştirak, müxtəlif ölkələrin qiymətləndirmə institutları ilə təcrübə mübadiləsi, birgə təlim və metodoloji layihələrin müzakirəsi bu prosesin mühüm hissəsidir. Mərkəzi Asiya, Türkiyə, Qafqaz və digər regionların peşəkar qurumları ilə əməkdaşlığın genişləndirilməsini xüsusilə vacib hesab edirik.
Lakin beynəlxalq əməkdaşlığın real nəticəsi yalnız tədbirlərdə iştirakla ölçülməməlidir. Bizim üçün əsas göstərici beynəlxalq təcrübənin milli metodologiyalara, tədris proqramlarına, qiymətləndirmə standartlarına və peşəkar kompetensiyalara çevrilməsidir. ESG prinsipləri, dayanıqlı inkişaf, qeyri-maddi aktivlər və intellektual mülkiyyət, rəqəmsal aktivlər, infrastruktur layihələri və müasir investisiya alətlərinin qiymətləndirilməsi yaxın illərdə daha çox diqqət yetirəcəyimiz sahələrdir.
İkinci ildönümümüz ərəfəsində qarşıdakı dövrün əsas hədəflərini belə ümumiləşdirərdim: Birincisi, Palatanın institusional potensialını gücləndirmək, üzvlərlə və bütün bazar iştirakçıları ilə əməkdaşlığı daha sistemli qurmaq. İkincisi, milli metodoloji və normativ bazanı genişləndirmək, beynəlxalq standartların tətbiqini dərinləşdirmək. Üçüncüsü, elektron portalı və qiymətləndirmə məlumatlarının vahid infrastrukturunu inkişaf etdirmək, hesabatların rəqəmsal identifikasiyasını və keyfiyyətə nəzarət mexanizmlərini təkmilləşdirmək. Dördüncüsü, AQP indekslərinin əhatəsini genişləndirmək: daşınmaz əmlak, tikinti və avtomobil bazarları ilə yanaşı, digər iqtisadi aktivlər üzrə də analitik göstəricilər hazırlamaq və beşincisi, qiymətləndiricilərin bilik və bacarıqlarını artırmaq, ixtisaslaşmanı dərinləşdirmək və peşənin nüfuzunu yüksəltmək.
Mənim üçün ən vacib məsələ odur ki, AQP qiymətləndiricilərin sadəcə üzv olduğu təşkilat deyil, ölkənin iqtisadi və institusional inkişafına xidmət edən peşəkar mərkəzə çevrilsin.
Strateji baxışımız aydındır: Azərbaycanda elə qiymətləndirmə sistemi formalaşdırmalıyıq ki, onun nəticələrinə dövlət qurumları, məhkəmələr, banklar, investorlar, biznes subyektləri və vətəndaşlar etibar etsin. Bu etimad isə yalnız peşəkarlıq, şəffaflıq, müstəqillik, elmi metodologiya və müasir texnologiyaların vəhdəti ilə mümkündür.