Bu ilin oktyabr ayında yeni tikili mənzillərin satışında artım davam edib, köhnə tikili mənzillərin qiymətləri sabit qalıb, torpaq bazarında bahalaşma, kommersiya obyektlərinin icarəsində isə nəzərəçarpan canlanma müşahidə olunub.
Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, mənzil kirayəsi bazarında mülayim ucuzlaşma qeydə alındığı halda, fərdi yaşayış evlərinin kirayəsində kəskin statistik geriləmə, qarajların satış və icarəsində isə yüksək artım göstəriciləri qeydə alınıb.
Təhlilə əsasən, oktyabrda yeni tikili mənzillərin satış qiyməti üzrə median göstərici 2 888,9 manat/kvadratmetr, AQP indeksi isə 109,4 təşkil edib. Sentyabrla müqayisədə indeks 1,4 % yüksəlib. Dekabr 2025-ci ilin baza dövrü ilə müqayisədə artım 9,4 %-ə çatıb. Mənzillərin median ümumi satış təklifi 275 min manat olub.
Köhnə tikili mənzillər üzrə median satış qiyməti 2 692,3 manat/kvadratmetr təşkil edib. Bu seqmentdə indeks 106,8 səviyyəsində qərarlaşıb. Aylıq dəyişmənin cəmi 0,04 % olması qiymətlərin faktiki olaraq sabit qaldığını göstərir. Bununla belə, ötən ilin dekabr ayı ilə müqayisədə köhnə tikili mənzillərin qiymət səviyyəsi 6,8 % yüksəkdir. Median ümumi satış təklifi 179 min manat təşkil edib.
Mənzillərin kirayə bazarında isə sentyabr ayındakı yüksəlişdən sonra müəyyən qiymət korreksiyası baş verib. Yeni tikili mənzillərdə median aylıq kirayə qiyməti 10,83 manat/kvadratmetr, köhnə tikililərdə isə 10,63 manat/kvadratmetr olub. Hər iki seqment üzrə aylıq azalma 1,8 % təşkil edib. Yeni tikili mənzillərin kirayə indeksi 100,0-a enərək baza səviyyəsinə qayıdıb. Köhnə tikililərdə isə indeks 106,3 səviyyəsində qalıb ki, bu da baza dövrü ilə müqayisədə 6,3 %-lik artım deməkdir. Median aylıq kirayə haqqı yeni tikililərdə 1 000 manat, köhnə tikililərdə 700 manat olub.