Bakıda qorunan obyektlərin 90 %-i Mərkəzi Planlaşdırma Rayonunda yerləşir

Bakıdakı bütün abidələrin və dövlət tərəfindən qorunan obyektlərin 90 %-i Mərkəzi Planlaşdırma Rayonunda yerləşir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakıda keçirilən beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi "AIREX 2026"da deyib.

"Bakının memarlıq irsinin qorunması ilə bağlı vacib məqamlardan biri odur ki, Baş plan şəhərimiz üçün inqilabi yanaşma tətbiq edir. Söhbət Mərkəzi Planlaşdırma Rayonunun yaradılmasından gedir. Onun ərazisi 1 000 hektardan çox ərazini əhatə edir. Bu, əslində şəhərin tarixi nüvəsidir. Bu rayonun daxilində biz həmçinin 425 hektarlıq xüsusi qoruq zonası yaradırıq. İçərişəhəri, Köhnə Şəhəri əhatə edən təkcə bu ərazidə dövlət tərəfindən qorunan 600-dən çox abidə var. Bu konkret ərazidə hər hansı tikinti üçün çox ciddi və xüsusi planlaşdırma qanunvericiliyi mövcuddur. Maksimum beş mərtəbəyə icazə veriləcək. Bu ərazi inkişaf etdirildikdən və bütün abidələrin öz bufer zonaları olduqdan sonra bu nüvə ərazi UNESCO-nun Ümumdünya İrs Obyekti kimi qorunacaq", - o qeyd edib.

Еkoloji məsələlərə toxunan Komitə rəsmisi Bakının ekoloji baxımdan ölkənin ən yaxşı yeri olmadığını diqqətə çatdırıb: "Bilirik ki, Abşeron yarımadasında böyük meşələr və ya yaşıllıq yoxdur. Lakin ideya ondan ibarətdir ki, 2040-cı ilə qədər adambaşına düşən ictimai yaşıl sahələr 2020-ci ildəki 3,5 kvadratmetrdən 8,7 kvadratmetrə qədər kəskin şəkildə artacaq. Bu, təxminən 2,5 dəfə artım deməkdir. Bu, həmçinin Bakı ərazisində yerləşən dörd böyük gölə, o cümlədən Böyükşor gölünə təsir edəcək. Onların hər birinin bərpa və təmizlənməyə dair öz proqramları olacaq".

Digər xəbərlər