Qazaxıstan və Azərbaycan Orta Dəhlizlə illik yük axınını 12 milyon tona çatdırmağı planlaşdırır

"Xəzər körpüsü" layihəsi çərçivəsində plan göstəriciləri illik 8 milyon ton zəmanətli yükdaşıma həcmini və gələcəkdə potensialın 10-12 milyon tona qədər artırılmasını nəzərdə tutur.

"Report" Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev, Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əskərov və "AZCON Holding"in icraçı direktoru Şahin Babayevin görüşü çərçivəsində baş tutub.

Danışıqlar zamanı iştirakçılar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişaf perspektivlərini, həmçinin "Xəzər körpüsü" layihəsinin icra vəziyyətini nəzərdən keçiriblər. Layihənin konsepsiyasına əsasən, bərə keçidləri dəmir yolu əlaqəsinin davamı olacaq və bu, vaqonların yenidən yüklənməyə ehtiyac olmadan daşınmasına imkan verəcək.

Bildirilir ki, Azərbaycan nümayəndə heyətinin Qazaxıstana səfəri çərçivəsində "AZCON Holding" və "Samruk-Kazına" SC layihənin hazırlanması və həyata keçirilməsi üzrə qarşılıqlı fəaliyyət haqqında saziş imzalayıb. Bundan başqa, "Azərbaycan Dəmir Yolları" QSC və "Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti SC Ələt limanında birgə intermodal yük terminalının yaradılmasının əsas şərtlərinə dair sənəd imzalayıb.

Tərəflər həmçinin birgə terminal infrastrukturunun yaradılması, lokomotiv və gəmiqayırma üzrə sənaye kooperasiyasının dərinləşdirilməsi, tarif siyasətinin təkmilləşdirilməsi, eləcə də Avropa istiqamətində yüklərin daşınma müddətinin qısaldılması məsələlərini müzakirə ediblər.

Görüşün yekunları üzrə iştirakçılar Qazaxıstan-Azərbaycan münasibətlərinin möhkəm təmələ malik qarşılıqlı etimada əsaslandığını, Transxəzər dəhlizinin etibarlılığının möhkəmləndirilməsi və səmərəliliyinin artırılmasının prioritet vəzifə olaraq qaldığını qeyd ediblər.

Digər xəbərlər