Read Qasımov: "Bakıda dayanıqlı ictimai nəqliyyat şəbəkəsinin yaradılması çox vacibdir"

Bakıda dayanıqlı ictimai nəqliyyat şəbəkəsinin yaradılması çox vacibdir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakıda keçirilən beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi "AIREX 2026"da deyib.

Onun sözlərinə görə, Bakının Baş planı dəmir yolu şəbəkəsinin və metro şəbəkəsinin inkişafını nəzərdə tutur: "Bakı Metropoliteni" QSC ilə bağlı ayrıca proqram var. Növbəti 4 il ərzində Bakıda daha 10 metro stansiyası yaradılacaq, eyni zamanda LRT şəbəkəsinin inkişafı aparılacaq. Hazırda LRT şəbəkələrini özündə birləşdirəcək bir neçə şəhərsalma layihəmiz var. Bu, Bakı üçün yeni bir şey olacaq, lakin tərəfdaşlarımızla birlikdə üzərində işləməli olduğumuz bir məsələdir".

R.Qasımov qeyd edib ki, paytaxtın Baş planı həmçinin yol şəbəkəsinin yaxşılaşdırılmasını, genişləndirilməsini və dayanacaq strukturlarının inkişafını nəzərdə tutur: "Şəhərimizdə, xüsusilə tarixi mərkəzdə parklanmanın nə qədər çətin olduğunu bilirik. Lakin bu proses müsbət istiqamətdə irəliləyir. Bundan əlavə, son bir neçə ildə velosiped şəbəkəsi və mikromobillik hər hansı digər Avropa şəhərində olduğu kimi Bakıda da tendensiyaya çevrilib. Piyada şəbəkəsinin inkişafına da böyük diqqət yetirilir. İdeya ondan ibarətdir ki, şəhər, ən azı onun tarixi hissəsi, yalnız avtomobillər və nəqliyyat vasitələri üçün deyil, sakinlərin rahatlığı üçün layihələndirilsin".

Digər xəbərlər