Dünya Bankı Azərbaycanla Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) inkişafı kontekstində mümkün strateji yatırımlar barədə danışıqlar aparır.
Bu barədə "Report"a Bankın Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays məlumat verib.
Daha əvvəl R.Prays bildirmişdi ki, Dünya Bankı Qrupu TBNM-in inkişafına dəstək məqsədilə 2027-ci ilin iyul ayınadək 1,2 milyard ABŞ dolları məbləğində investisiya öhdəlikləri götürməyi planlaşdırır.
"1,2 milyard dollarlıq məbləğ Dünya Bankının Orta Dəhlizlə əlaqəli olan, 2027-ci ilin yayına qədər icrası planlaşdırılan potensial investisiya portfelini əhatə edir. Hazırda rəsmi hazırlıq mərhələsində olan layihələr Qazaxıstan və Türkiyədə həyata keçirilir. Bundan başqa, dəhliz boyunca yerləşən bir sıra dövlətlərlə, o cümlədən Azərbaycanla mümkün strateji investisiyalar barədə danışıqlar aparırıq", - regional direktor vurğulayıb.
Onun sözlərinə görə, qarşıdakı aylarda danışıqlar irəlilədikcə, portfel yeni layihələrlə genişləndirilə bilər.
"Bununla əlaqədar indiki mərhələdə 1,2 milyard dollar məbləğində vəsaitin Azərbaycanın xeyrinə hər hansı müəyyən bölgüsü nəzərdə tutulmayıb. İstənilən maliyyələşdirmə Azərbaycan hökuməti ilə razılaşdırılmış konkret layihələrin işlənməsi və rəsmi qaydada hazırlanması ilə şərtlənəcək", - o əlavə edib.
Bakı Limanının genişləndirilməsində iştirakla bağlı sualı cavablandıran R.Prays hazırda Dünya Bankı Qrupu ilə konkret maliyyələşdirmə sazişinin imzalanmadığını deyib.
"Azərbaycan hökuməti bu gün infrastruktur investisiyaları və mövcud obyektdə əməliyyat təkmilləşdirmələri vasitəsilə Bakı Limanının buraxılış qabiliyyətini artırmaq üçün öz büdcə vəsaitindən istifadə edir", - o izah edib.
Görülən tədbirlərin 2030-cu ilə qədər konteynerlərin aşırılma gücünü təqribən 260 000 TEU-ya (iyirmi futluq konteyner ekvivalenti) qədər artırmağa imkan verəcəyi gözlənilir.
"Uzunmüddətli perspektivdə Transxəzər nəqliyyat dəhlizi boyunca yükdaşımaların artması ilə əlavə genişləndirmə zərurəti yaranacaq. Hökumət adətən II Fazanın genişləndirilməsi adlanan növbəti mərhələnin müddətini, miqyasını, mərhələliliyini və maliyyələşdirmə mexanizmlərini təhlil edir. Bu yeni mərhələnin maliyyələşdirilməsinə beynəlxalq maliyyə institutlarının, o cümlədən Dünya Bankı Qrupunun vəsaitləri cəlb oluna bilər", - regional direktor vurğulayıb.
TRIPP layihəsinin və ya Zəngəzur dəhlizinin mümkün maliyyələşdirilməsi mövzusunu şərh edən R.Prays qeyd edib ki, Dünya Bankı Qrupu Ermənistanda transsərhəd dəmir yolu və avtomobil yolu marşrutlarına qoyulan investisiyalarda prioritetlərin müəyyən edilməsinə kömək edir. Bu iş "Sülh kəsişməsi" təşəbbüsü çərçivəsində ölkənin regional nəqliyyat şəbəkələrinə inteqrasiyasını gücləndirməyə xidmət edir.
"Dünya Bankı Qrupu həmçinin təklif olunan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) dəmir yolu komponentinin biznes modellərinin və istismar sxemlərinin qiymətləndirilməsində hökumətə dəstək göstərir. Tikintisi artıq davam edən Zəngəzur dəhlizinin dəmir yolu hissələri, xüsusilə Türkiyədə Qars-Naxçıvan hissəsi hazırda Dünya Bankı tərəfindən maliyyələşdirilmir. Naxçıvandakı dəmir yolu planlaşdırma mərhələsindədir: Avropa Yenidənqurma və İnkişaf Bankı onun texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını təmin edir, bu xəttin gələcək maliyyələşdirmə strukturu isə hələ təsdiqlənməyib", - regional direktor izah edib.