Deputat: "Qusarda turizmin inkişafı üçün yol infrastrukturu yenilənməlidir"

Qusarda turizm marşrutlarının genişləndirilməsi üçün yol infrastrukturu yenilənməlidir.

"Report" xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Qusar rayonu turizm və sosial-iqtisadi inkişaf baxımından böyük imkanlara malikdir: "Şahdağ" Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının keçirilməsinin nəzərdə tutulması rayonun turizm potensialını daha da artıracaq. Lakin turizmin inkişafı yalnız müasir hotel və xizək komplekslərinin tikintisi ilə məhdudlaşmır. Belə ki, turistlərin bu məkanlara rahat çatmasını təmin edən yol infrastrukturu da mühüm əhəmiyyət daşıyır. Şahdağ istiqamətində əsas yol modernləşdirilsə də, həmin yola birləşən və bu kompleksə yaxın ərazidə yerləşən Urva, Əniğ, Xuray və Suvagil kəndlərinə gedən yolların vəziyyəti müasir tələblərə cavab vermir".

A.Badamov əlavə edib ki, bu yolların yenidən qurulması həm yerli əhalinin rahatlığı, həm də turizm marşrutlarının genişləndirilməsi və sahibkarlığın inkişafı baxımından vacibdir: "Bu səbəbdən həmin yolların 2027-ci ildə yenidən qurulması üçün zəruri vəsaitin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmasını təklif edirəm".

Digər xəbərlər