Azərbaycanın sağlamlıq turizmi baxımından unikal potensialı var.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev Bakıda keçirilən lll Beynəlxalq Sağlamlıq Turizmi Konfransında deyib.
Onun sözlərinə görə, coğrafi mövqeyinə görə Azərbaycan kontinental şimal ilə cənub arasında mühüm dəhliz rolunu oynayır: "Azərbaycanın onlar arasındakı dəhliz kimi təqdimi, təbliği baxımından zəngin potensiala var. Bizim Naftalan, işğaldan azad edilmiş ərazilərdəki termal bulaqlar kimi çox zəngin potensialımız mövcuddur. Bu mənada Azərbaycanın rəqabət üstünlüyü var. Çünki stomatologiya, estetik cərrahiyyə, kardiologiya və digər bəzi ixtisaslaşmalar üzrə qonşu ölkələrlə müqayisədə qiymət üstünlüyünə malikik. Buna görə də biz Azərbaycanın turizm sistemi üçün həqiqətən unikal potensialı hərəkətə gətirə bilərik".
K.Əliyev əlavə edib ki, "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda çox vacib bir mövzu, yəni xidmətlərin tanınması və akkreditasiyası əks olunub: "Məlum olduğu kimi, səhiyyə sahəsində müştəri etimadı həlledici amildir. Buna görə də ümid edirik ki, proqramın sonuna qədər azı beş tibb xidməti təminatçısı beynəlxalq akkreditasiya alacaq və bu da ölkəyə gələn turistlərin sayını artıracaq".