Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyə və turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində Azərbaycanın gördüyü tədbirləri müsbət qiymətləndirir.
"Report" xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən III Beynəlxalq Sağlamlıq Turizmi Konfransının iştirakçılarına ünvanladığı videomüraciətində bildirib.
T.Qebreyesus getdikcə daha çox insanın keyfiyyətli tibbi yardım almaq, reabilitasiya keçmək və sağlamlaşdırma xidmətlərindən istifadə etmək məqsədilə dövlət sərhədlərini keçdiyinə diqqət çəkib.
ÜST rəhbəri vurğulayıb ki, bu tendensiya yeni perspektivlər yaradır, eyni zamanda isə ciddi məsuliyyət tələb edir. Təşkilatın baş direktoru qeyd edib ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi tibbi xidmətlərin alındığı yerdən asılı olmayaraq prioritet olaraq qalmalıdır.
"Bu, ciddi tənzimləməni, yardımın göstərilməsində yüksək keyfiyyət standartlarına riayət olunmasını, tibb işçilərinin lazımi hazırlıq səviyyəsini və xəstələrin hərtərəfli düşünülmüş qərarlar qəbul etməsinə imkan verən məlumat açıqlığını nəzərdə tutur", - o bildirib.
T.Qebreyesus həmçinin müalicənin fasiləsizliyinin əhəmiyyətinə xüsusi diqqət çəkib: xəstənin marşrutu tibb müəssisəsindən evə buraxıldığı və ya vətənə döndüyü an bitmir. Məhz buna görə də səhiyyə sistemləri və aidiyyəti təşkilatlar növbəti mərhələlərdə hərtərəfli nəzarət və qulluğu təmin etmək üçün işlərini əlaqələndirməlidir.
"Şadam ki, bu məsələlər apardığınız müzakirələrin mərkəzindədir. ÜST səhiyyə və turizm sahələri arasında qarşılıqlı əlaqənin gücləndirilməsi istiqamətində Azərbaycanın səylərini alqışlayır", - o əlavə edib.