Azərbaycan İordaniya ilə viza prosedurlarının sadələşdirilməsini müzakirə edib

Azərbaycan və İordaniya arasında mövcud uçuşlar, viza prosedurlarının sadələşdirilməsi və iki ölkə arasında yeni hava əlaqələrinin yaradılması perspektivləri müzakirə olunub.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, agentlik yanında Azərbaycan Turizm Bürosu (ATB) noyabrın 2-də İordaniyanın paytaxtı Əmmanda "Experience Azerbaijan B2B Networking Event" adlı işgüzar görüş təşkil edib.

Tədbirdə 48 şirkəti təmsil edən 66 turizm sənayesi nümayəndəsi iştirak edib. Görüşün əsas məqsədi Azərbaycanın turizm istiqaməti kimi tanıdılması və iki ölkənin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələrin genişləndirilməsi olub.

Tədbirdə ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev iştirak ediblər.

Proqram çərçivəsində iştirakçılara Azərbaycanın ilboyu turizm imkanları barədə məlumat verilib. Təqdimatda Bakı, Qəbələ, Quba, Qusar və Şəki kimi turizm istiqamətlərinə diqqət yetirilib. Həmçinin ailəvi istirahət, lüks kurortlar, təbiət və macəra turizmi, qış turizmi, mədəni irs, qastronomiya, sağlamlıq və halal turizm imkanları təqdim olunub.

Tədbir çərçivəsində "Azərbaycan Hava Yolları" QSC (AZAL) da daxil olmaqla, Azərbaycanın üç şirkətinin nümayəndələri ilə İordaniyanın turizm sənayesi təmsilçiləri arasında B2B formatlı görüşlər keçirilib. Görüşlərdə mümkün əməkdaşlıq istiqamətləri, birbaşa işgüzar əlaqələrin qurulması və yeni biznes imkanları müzakirə olunub.

Rəsmi səfər çərçivəsində F.Zenqstşmid və İordaniya Turizm Şurasının baş icraçı direktoru Ramzi Al-Maaytah arasında da görüş keçirilib. Görüşdə mövcud uçuşlar, viza prosedurlarının sadələşdirilməsi və gələcəkdə iki ölkə arasında yeni hava əlaqələrinin yaradılması perspektivləri müzakirə olunub.

Azərbaycan və İordaniya arasında hava əlaqəsi əsasən yay mövsümündə AZAL və "Fly Jordan" şirkətlərinin həyata keçirdiyi həftəlik çarter reysləri vasitəsilə təmin olunur. Bu reyslər İordaniyadan Azərbaycana səfər edən turistlər üçün əlavə səyahət imkanları yaradır.

Digər xəbərlər