Azərbaycan Asiya bazarı üçün yeni və cəlbedici turizm istiqamətidir.
Bunu "Report"a açıqlamasında Sakit Okean Asiya Səyahət Assosiasiyasının (PATA) sədri Henri Oh bildirib.
Onun sözlərinə görə, Asiya ölkələrindən olan səyahətçilər ənənəvi olaraq Avropanın məşhur şəhərlərinə üz tutsalar da, Azərbaycan onlar üçün hələ tam kəşf olunmamış cəlbedici marşrutdur: "Asiyalılar Paris, Amsterdam və digər populyar məkanlara tez-tez səyahət edirlər. Lakin Azərbaycan onlar üçün naməlum və maraq doğuran yeni bir istiqamətdir. Bütün Cənubi Qafqaz regionu daxilində Azərbaycan ən gözəl şəhərlərə, samimi və qonaqpərvər insanlara, eləcə də inanılmaz mətbəxə sahibdir. Bir sözlə, turistlərin zövq alması üçün burada hər şey var".
PATA sədri vurğulayıb ki, Cənubi Koreya turistlərin Azərbaycan üzrə təcrübələri hələ kifayət qədər deyil: "Yeni istiqamət kimi Azərbaycanın otel şəbəkəsi, infrastrukturu, xidmət sektoru və insan resursları tam hazırdır. Yeganə məsələ Asiya bazarında ölkəniz haqqında məlumatlılığın artırılmasıdır. Azərbaycan Asiya bazarında öz turizm potensialını, təbiətini və gözəlliklərini daha fəal təbliğ etməlidir. Bu təbliğat işləri aparılarsa, tezliklə çox müsbət nəticələr əldə olunacaq".