Fuad Nağıyev: "Azərbaycan sağlamlıq turizmində böyük potensiala malikdir"

Zəngin təbii ehtiyatları və müasir infrastrukturu olan Azərbaycan sağlamlıq turizmi sahəsində böyük potensiala malikdir.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Bakıda keçirilən lll Beynəlxalq Sağlamlıq Turizmi Konfransında bildirib.

Onun sözlərinə görə, əsas vəzifələrdən biri mövcud potensialdan səmərəli istifadəni dəstəkləmək, yüksək keyfiyyətli turizm məhsullarının yaradılmasına şərait yaratmaq və ölkənin beynəlxalq sağlamlıq turizmi bazarında tanıdılmasını genişləndirməkdir: "Sağlamlıq turizmi "Azərbaycan Respublikasında 2026–2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nda da prioritet istiqamətlərdən biri kimi müəyyən edilib, sağlamlıq və tibbi turizmin inkişafına, bu sahədə davamlı əməkdaşlığın təşviqinə xüsusi yer ayrılıb".

F.Nağıyev qeyd edib ki, tibbi turizmin inkişafı səhiyyə sistemi ilə turizm sektoru arasında səmərəli əməkdaşlıqdan birbaşa asılıdır: "Bu sahədə davamlı inkişafın təmin edilməsi məqsədyönlü və əlaqələndirilmiş fəaliyyət tələb edir. Bu baxımdan Səhiyyə Nazirliyinin, digər aidiyyəti qurumların və beynəlxalq təşkilatların birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Digər mühüm istiqamət olan sağlam yaşam turizmi də Azərbaycanın turizm təkliflərinin genişlənməsində əhəmiyyətli rol oynayır. Mədəni-tarixi irsimizin müasir sağlam yaşam turizmi təcrübələri ilə uzlaşdırılması həm milli dəyərlərimizin qorunmasına, həm də onların yeni turizm məhsulları vasitəsilə beynəlxalq ziyarətçilərə təqdim edilməsinə imkan yaradır".

Digər xəbərlər