Bu ilin oktyabr ayında Azərbaycanda mikromobillik vasitələri 544 365 dəfə sifariş olunub.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur.
Velosiped və skuterlərdən ötən ay istifadə edənlərin sayı 297 265 nəfər, qət edilən məsafə isə 2 119 185 kilometr təşkil edib. Bu isə ötən ilin oktyabr ayı ilə müqayisədə müvafiq olaraq 35 % və 31 % artım deməkdir.
Nəzərəçarpacaq artım ümumilikdə bu ilin 10 ayında da qeydə alınıb. Yanvar-oktyabrda Bakıda mikromobillik vasitələri 3 811 106 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 % artım deməkdir.
Bu müddət ərzində mikromobillik vasitələrindən istifadə edənlərin sayı 1 946 866 nəfər təşkil edib ki, bu da 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricilərindən bu 19 % çoxdur.
Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilən velosiped və skuterlərlə bu ilin yanvar-oktyabr aylarında 10 549 590 km yol qət edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % artım deməkdir.
Bu rəqəmlər yalnız kirayə xidmətinə dair məlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərdən istifadə edənləri də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.