Kallas: Aİ Cənubi Qafqazı əlaqələrin şaxələndirilməsi strategiyasının bir hissəsi kimi nəzərdən keçirir - Eksklüziv

Avropa İttifaqı (Aİ) əsas dəniz marşrutlarının bloklanması fonunda Avropa ilə Asiya arasında əlaqələrin şaxələndirilməsi üzrə səylərin mühüm bir hissəsi kimi Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən alternativ nəqliyyat, enerji və rəqəmsal marşrutların inkişaf etdirilməsini nəzərdən keçirir.

Bu barədə "Report"un Avropa bürosuna Aİ diplomatiyasının rəhbəri Kaya Kallas təhlükəsizlik və əlaqəlilik üzrə nazirlərin görüşündən əvvəl bildirib.

"Hörmüz boğazının blokadaya alınması, eləcə də Qara dəniz dəhlizinin, indi isə Bab-əl-Məndəb boğazının bloklanması bütün dövlətləri alternativ ticarət yolları axtarmağa vadar etdiyini görürük", - Kallas regional tərəfdaşlarla bugünkü görüşdən gözləntiləri barədə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionu ölkələri Asiya ilə Avropa arasında nəqliyyat əlaqəliliyinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir: "Enerji əlaqəliliyini müzakirə edirik, çünki alternativ enerji mənbələrinə və tədarük marşrutlarına ehtiyac var. Eyni zamanda, rəqəmsal əlaqəlilik barədə də fikir mübadiləsi aparırıq, çünki bu gün hər şey rəqəmsal bağlantılardan asılıdır".

K.Kallas vurğulayıb ki, əlaqələrin şaxələndirilməsi Avropa İttifaqının və onun tərəfdaşlarının qarşılıqlı maraqlarına cavab verir.

Görüşün gündəliyində təhlükəsizlik problemlərinin rolu ilə bağlı suala cavab olaraq K.Kallas təsdiqləyib ki, bu mövzu da müzakirələrdə mərkəzi yer tutur: "Söhbət həm də təhlükəsizlikdən gedir. Malik olduğunuz istənilən əlaqələrdən qarşı tərəf zərər vurmaq üçün istifadə edə biləciyini müşahidə etmişik. Buna görə də əlaqələrinizi şaxələndirmək lazımdır. Məqsədimiz də elə budur".

Regionlararası təhlükəsizlik və əlaqəlilik məsələləri üzrə nazirlər görüşü bu gün Brüsseldə Cənubi Qafqaz , Mərkəzi Asiya, Moldova, Türkiyə və Ukrayna dövlətlərinin nümayəndələrinin iştirakı ilə Aİ Xarici İşlər Şurasının iclasının ardınca keçirilir.

Bu, Aİ ölkələrinin xarici işlər nazirlərinin və Cənubi Qafqaz, Mərkəzi Asiya, Moldova, Türkiyə və Ukraynadan olan tərəfdaşların iştirakı ilə bu formatda keçirilən artıq ikinci görüşdür.

Müzakirələrin mərkəzində nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı, həmçinin regional təhlükəsizlik məsələləri dayanır.

Digər xəbərlər