Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) beynəlxalq səviyyədə tanınmış qurumlarla tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirir.
"Report" xəbər verir ki, bunu AzAK-ın Keyfiyyət üzrə meneceri Ləman Salmanova "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu" adlı tədbirdə deyib.
L. Salmanova bildirib ki, AzAK 2025-ci il avqustun 3-dən başlayaraq ISO/IEC 17025:2017 standartına uyğun olaraq Akkreditasiya üzrə Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatına (APAC) tamhüquqlu üzv qismində qəbul olunub:
"Bundan sonra, avqustun 28-də mərkəz həmin standart çərçivəsində Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC) da tamhüquqlu üzv statusu ilə daxil olub. Beləliklə, 2023-2025-ci illəri əhatə edən dövlət proqramında beynəlxalq akkreditasiya istiqamətində müəyyən edilmiş məqsədlər uğurla reallaşdırılıb".
L.Salmanova həmçinin qeyd edib ki, müxtəlif dövlətlərin akkreditasiya orqanları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri formalaşdırılıb: "Bu sıraya Türk Akkreditasiya Agentliyi, Özbək Akkreditasiya Mərkəzi, Böyük Britaniya Akkreditasiya Qurumu, Xorvatiya Akkreditasiya Agentliyi, Belarus Dövlət Akkreditasiya Mərkəzi, İtaliyanın Vahid Akkreditasiya Orqanı, Gürcüstan Akkreditasiya Mərkəzi, Serbiyanın Akkreditasiya Orqanı və Qazaxıstan Respublikasının Milli Akkreditasiya Mərkəzi daxildir".