Beynəlxalq idman və mədəni tədbirlər kiçik və orta sahibkarlar üçün əlavə sifarişlər yaradır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Turizm, yaradıcı sənayelər və idman xidmət ixracının perspektivli istiqamətləridir. Beynəlxalq idman və mədəni tədbirlər ölkənin tanıdılması ilə yanaşı, turist axınını, mehmanxana, nəqliyyat və iaşə xidmətlərinə tələbi artırır, kiçik və orta sahibkarlar üçün əlavə sifarişlər yaradır. Qarşıdakı dövrdə məqsəd bu tədbirlərin yaratdığı effekti davamlı turizm axınına və xidmət ixracına çevirməkdir", - deyə o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, bu ilin 10 ayında ölkədə iqtisadi artım tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunub və sektorda artım ilin sonlarına doğru sürətlənməkdədir: "Qlobal çağırışlara uyğun olaraq, qeyri-neft-qaz sektorunun özünün də strukturu dəyişir: aparıcı mənbələr qeyri-neft-qaz sənayesi, logistika və rəqəmsal xidmətlərdir".