İqtisadiyyat Nazirliyinin Elm və Təhsil Nazirliyi ilə birlikdə, ABŞ-nin "Coursera" şirkətinin dəstəyi ilə həyata keçirdiyi "4Sİ Akademiyası – Milli Proqram" çərçivəsində Azərbaycan qadınları 70 mindən çox təlimi tamamlayıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Proqram vətəndaşlara dünyanın aparıcı universitetlərinin və texnologiya şirkətlərinin onlayn təlimlərindən ödənişsiz yararlanmaq imkanı verir. Bu proqram çərçivəsində 2025-ci ilin aprel ayından bəri qadınlarımız 70 mindən çox təlimi tamamlayıb, maşın öyrənməsi və data analitikası üzrə tamamlanan təlimlərdə onların payı isə 42 %-dən 59 %-ə çatıb", - deyə o qeyd edib.