İndiyədək işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdərə, Laçın və Füzuli rayonlarında meşə fondunun artırılması məqsədilə 610 hektar sahədə əkin və səpin işləri aparılıb.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının şəhərdə keçirilən iclasındakı çıxışında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə ekosistemin bərpası, sağlam ekoloji mühitin yaradılması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi çərçivəsində meşə ilə örtülü ərazilərin və yaşıllıq sahələrinin artırılması, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, habelə işğaladək mövcud olmuş xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin yenidən bərpası, biomüxtəlifliyin artırılması və qorunması, müşahidə və monitorinq sistemlərinin bərpası iləbağlı tədbirlər davam etdirilir.
V.Kərimov əlavə edib ki, azad edilmiş ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsi çərçivəsində minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları nəzərə alınmaqla, cari dövrədək Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazi planlaşdırma sənədlərində yeni yaşıllıq zolaqlarının salınması üçün nəzərdə tutulan torpaq sahələrində ümumilikdə 205 hektar yaşıllıq massivi salınıb.