Ucarda kənd təsərrüfatının inkişafına, yerli istehsalın təşviqinə və aqrar biznes imkanlarının genişləndirilməsinə həsr olunan "Aqrar Biznes" və "I Çəltik" festivalı təşkil edilib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ucar Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev Parkı"nda keçirilən festivalın əsas məqsədi bölgənin aqrar potensialının nümayiş etdirilməsi, yerli fermerlərin dəstəklənməsi, çəltikçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi, kənd təsərrüfatı sahəsində mövcud biznes imkanlarının tanıdılması olub.
Tədbir iştirakçıları - kənd təsərrüfatı naziri Məcnun Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda aqrar sahənin dayanıqlı inkişafı, istehsal potensialının gücləndirilməsi və rəqabətqabiliyyətliliyin artırılması priroritet istiqamətlər olaraq müəyyən edilib.
Proqram çərçivəsində müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin inkişafı, taxılçılıqda məhsuldarlığın və istehsal həcminin artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal xərclərinin optimallaşdırılması və fermer gəlirlərinin yüksəldilməsi əsas hədəflərdəndir.
Nazir əlavə edib ki, çəltikçilikdə məhsuldarlığın və məhsul keyfiyyətinin yüksəldilməsi, müasir becərmə texnologiyalarının tətbiqi, eləcə də məhsulun saxlanması və emalı infrastrukturunun inkişafı da əsas prioritetlərdəndir.
Bu gün Ucarda keçirilən "Aqrar Biznes və 1-ci Çəltik" Festivalı regionun aqrar potensialının nümayişi, fermerlər, sahibkarlar və investorlar arasında əlaqələrin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm platformadır.
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov rayonun kənd təsərrüfatı potensialı, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətinə toxunub. Rayonun aqrar ənənələrinin qorunması və müasir yanaşmalarla inkişaf etdirilməsinin vacib olduğunu deyən M.Məmmədov belə tədbirlərin fermerlərin dövlət qurumları və aqrar sahənin digər iştirakçıları ilə birbaşa əlaqələrinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivalı ilə bağlı təqdimat edib.
Daha sonra festivalda nümayiş olunan stendlərə baş çəkilib.
Festivalda yerli düyü sortları, fermerlərin istehsal etdikləri məhsullar təqdim olunub, kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edən sərgi və nümayişlər təşkil edilib.
Ucar rayonunda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" təşkil olunub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ucar rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Festivalda Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov, Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov eləcə də nazirliyin tabeliyində olan qurumların nümayəndələri , kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlər və fermerlər iştirak edir.
Eyni zamanda, festival çərçivəsində media nümayəndələrinin iştirakı ilə rayon ərazisində yerləşən təsərrüfata baxış keçiriləcək.
Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd bölgənin aqrar potensialının nümayiş etdirilməsi, yerli fermerlərin dəstəklənməsi, çəltikçilik ənənələrinin inkişaf etdirilməsi və kənd təsərrüfatı sahəsində mövcud biznes imkanlarının tanıdılmasıdır.