Qida norma və qaydalarına riayət edilməməsi ilə əlaqədar mənfi hallar davam etdikcə vətəndaşların sağlamlığına ciddi ziyan dəyir.
"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, istər müxtəlif dövlət qurumlarında kütləvi qidalanmanın təşkil edilməsi prosesində, istərsə də ictimai iaşə obyektlərində qida norma və tələblərinə, habelə sanitar-gigiyenik rejimə son dərəcə ciddi yanaşılmalıdır.
"Təəssüflər olsun ki, müşahidə etdiyimiz neqativ hallar davam etdikcə vətəndaşların sağlamlığına əhəmiyyətli dərəcədə zərər vurulur. Həmçinin xüsusi olaraq qeyd etmək istərdim ki, bu müddət ərzində aparılan müşahidələr və statistik məlumatlar qida zəhərlənmələrinin böyük əksəriyyətinin məişət şəraitində baş verdiyini ortaya qoyur. Bu da evdə istifadə olunan ərzaqlarla düzgün rəftar edilməməsinin və qida təhlükəsizliyi normalarının tətbiq edilməməsinin nəticəsidir. Ev mühitində müxtəlif konserv məhsullarının istehsalı zamanı sanitar-gigiyenik qaydalara əməl olunmaması və daha sonra bu məhsulların kütləvi qidalanmaya təqdim edilməsi insanlar arasında narahatlıq doğuran qida zəhərlənmələrinə gətirib çıxarır", - Q. Təhməzli vurğulayıb.
AQTA sədri bununla bağlı dövlət proqramında da uyğun tədbirlərin müəyyənləşdirildiyini qeyd edib: "Doğrudur, bəzi kütləvi informasiya vasitələri bu məsələləri ictimaiyyətə səhv şəkildə çatdırmağa cəhd edərək, guya Qida Təhlükəsizliyi Agentliyinin ev şəraitində hazırlanan konserv məhsullarına sertifikatlaşdırma proseduru tətbiq edəcəyini irəli sürürlər. Bu, tamamilə yanlış məlumatdır. Onlar, çox güman ki, dövlət proqramını araşdırmadan fikirlər səsləndirirlər.
Diqqətinizə çatdırmaq istəyirəm ki, dövlət proqramında əks olunan məsələ bundan ibarətdir ki, ev şəraitində istehsal olunan qida məhsulları, o cümlədən konservləşdirilmiş ərzaqlar mütləq qaydada sanitar-gigiyenik tələblərə uyğun şəkildə hazırlanmalıdır".
AQTA rəhbəri bu cür halların qarşısını almaq məqsədilə həm ailə təsərrüfatlarının, həm də fermer təsərrüfatlarının bu istiqamətdə düzgün maarifləndiriləcəyini və müxtəlif dövlət strukturları ilə hərtərəfli iş aparılacağını vurğulayıb:
"Şübhəsiz ki, ailə və fermer təsərrüfatlarında qida məhsulları hazırlana bilər. Lakin əgər bu ərzaqlar kütləvi istehlaka yönəldilirsə, mütləq qaydada düzgün qablaşdırılmalı, etiketlənməli, onların saxlanma temperaturu və yararlılıq müddətləri üzərində göstərilməlidir. Əks halda, həmin məhsullar gələcəkdə insanların sağlamlığında olduqca ciddi problemlərə yol aça bilər".