Azərbaycanda rəqəmsal həllər fermerlərə üç kanal vasitəsilə təqdim olunur.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti barədə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırlanmış süni intellekt və rəqəmsal həllərin fermerlər üçün əlçatanlığını təmin etmək məqsədilə EKTİS, mobil tətbiq və "KTN ASİ" Telegram botundan istifadə olunur: "EKTİS vasitəsilə Nazirliyin əməkdaşları, Dövlət Aqrar İnkişaf Mərkəzləri və fermerlər müvafiq funksiyalardan yararlana bilirlər. Mobil tətbiq bitkilərin inkişaf fazaları üzrə risk xəritəsini və fermer reytinqinin komponentlərini əhatə edir. "KTN ASİ" teleqram botu vasitəsilə isə xəstəlik və zərərverici riskləri, dərmanlama üçün uyğun vaxtlar, bitkilərin inkişaf fazaları üzrə risklər və sahə səviyyəsində suvarma ehtiyacı barədə məlumatlar təqdim olunur".
İ.Qədimova əlavə edib ki, sistem meteoroloji göstəricilər əsasında risklərin səbəblərini və tövsiyələrin formalaşma prinsiplərini təqdim edir: "Teleqram botu vasitəsilə isə fermerlərin mobil telefonlarına gündəlik bildirişlər və təsərrüfat fəaliyyəti üçün əhəmiyyətli məlumatlar çatdırılır".
Nazir müavini deyib ki, Aqrar Süni İntellekt layihəsi çərçivəsində növbəti mərhələdə sınaq və hazırlanma mərhələsində olan həllərin ilkin işlək versiyalarının tamamlanması nəzərdə tutulur: "Eyni zamanda müvafiq informasiya sistemlərinə inteqrasiyası və mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur. Layihənin icrası kənd təsərrüfatında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına, su və digər resurslardan səmərəli istifadəyə, aqrar risklərin əvvəlcədən qiymətləndirilməsinə və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda, fermerlərin rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılması və aqrar sahədə məlumatlara əsaslanan idarəetmənin gücləndirilməsi layihənin əsas prioritetləri sırasındadır".