Azərbaycanda aqrar sektor 1 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11 milyard 905,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,9 %, bitkiçilik məhsullarının istehsalı isə 0,5 % çoxalıb. Məhsulun 51 %-i bitkiçiliyin, 49 %-i heyvandarlığın payına düşüb.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda günəbaxan istehsalı 11,6 %, dənli və dənli paxlalılar istehsalı 8,2 %, yaşıl çay yarpağı istehsalı 7,1 %, meyvə və giləmeyvə istehsalı 5 %, pambıq istehsalı 4,2 %, yem bitkilərinin istehsalı 0,1 % artıb.

Bu ilin 9 ayında ölkədə kartıf istehsalı 1,1 %, tütün istehsalı 2,1 %, bostan meyvələrinin istehsalı 3,9 %, üzüm və tərəvəz istehsalı isə 5,2 % azalıb.

Hesabat dövründə diri çəkidə 447,4 min ton ət, 1 milyon 998,8 min ton süd, 1 milyard 810,7 milyon ədəd yumurta, 14,1 min ton yun, 155,8 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3 %, yumurta istehsalı 1,2 % artıb. İllik müqayisədə süd istehsalı eyni qalıb, yun istehsalı 3,4 %, barama istehsalı isə 16,5 % azalıb.

Bu ilin yanvar-avqust dövründəki 2,6 %-lik göstərici sentyabr ayının sonuna 1,1 %-ə enib. Bitkiçilik sahəsində artım tempi 3,1 %-dən 0,5 %-ə, heyvandarlıq sahəsində isə 2 %-dən 1,9 %-ə düşüb.

Digər xəbərlər