Zahid Oruc: "Ucqar kəndlərdə yeni emal müəssisələri vergilərdən azad edilməlidir"

Ucqar kəndlərdə yeni emal müəssisələri üçün sıfır vergi rejimi tətbiq edilməlidir.

"Report" xəbər verir ki, belə bir təkliflə deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bir sıra əsas vergilərdən azaddırlar: "Bununla yanaşı, ucqar dağlıq və iqtisadi cəhətdən zəif inkişaf etmiş kəndlərdə yerli xammaldan istifadə edən yeni kiçik emal müəssisələri üçün konkret məşğulluq və investisiya öhdəlikləri şərti ilə sıfır vergi rejiminin tətbiqi faydalı olardı. Qanun kəndə qayıdışı təşviq etməlidir. Ölkəmizdə 4 244 kənd var. Lakin bölgələrdə əhalinin azalması məktəblərdə şagird və müəllim sayının aşağı düşməsinə, tibb məntəqələrinin saxlanılması zərurətinin azalmasına səbəb olur. Poçt və bank xidmətlərinin göstərilməsinin isə qeyri-rentabelli olduğu bildirilir".

Z. Oruc bildirib ki, bu gün kənd təsərrüfatında əsas problemlərdən biri kiçik torpaq sahələrində mexanikləşdirmə xərclərinin artması, irriqasiya sistemlərinin qurulmasının çətinliyi, fermerlərin suvarma suyuna çıxış imkanlarının məhdudluğu, texnika və aqronom xidmətlərindən səmərəli istifadə edə bilməməsidir: "Fermerlər məhsullarını müstəqil şəkildə bazara çıxarmaqda çətinlik çəkir, böyük ticarət şəbəkələri isə çox vaxt bazarın şərtlərini diktə edir. Təklif edirik ki, subsidiyaların və dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi yalnız ayrılan vəsaitin həcmi ilə deyil, hektardan əldə olunan məhsuldarlıq, təsərrüfatın gəliri, yaradılan iş yerlərinin sayı, su sərfiyyatı və idxaldan asılılığın azaldılması kimi göstəricilər əsasında da qiymətləndirilsin".

O qeyd edib ki, dövlət xidmətlərinin əlçatan olmaması kəndlərin inzibati vahid kimi tədricən sıradan çıxmasına gətirib çıxara bilər: "Bunun nəticəsində daxili miqrasiya güclənir, paytaxtda əmək və mənzil bazarına tələbat artır".

Digər xəbərlər