Nazir: "Bu il Azərbaycanda 11 milyard manatdan çox aqrar məhsul istehsal edilib"

Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlərin nəticələri kənd təsərrüfatı istehsalının göstəricilərində də öz əksini tapır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar–sentyabr aylarında ölkəmizdə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib: "Dənli bitkilərin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 % artıb, buğdanın məhsuldarlığı 36,3 sentnerə yüksəlib. Meyvə və giləmeyvə istehsalı 5 % artaraq 842,6 min tona çatıb. Kənd təsərrüfatı və emal məhsullarının ixracında da müsbət dinamika qeydə alınıb.Bu nəticələr mühüm nailiyyətlərdir".

O əlavə edib ki, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və beynəlxalq bazarlardakı dəyişikliklər daha çevik, innovativ və elmi əsaslara söykənən yanaşmalar tələb edir: "Rəqəmsallaşma, müasir texnologiyaların tətbiqi və elmi biliklərin istehsalata inteqrasiyası aqrar inkişafın əsas istiqamətləri olaraq qalmalıdır. İşğaldan azad edilmiş ərazilərdə aqrar potensialın bərpası da xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların yaradılması, istehsal infrastrukturunun inkişafı və torpaq ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkəmiz üçün yeni imkanlar yaradır".

Digər xəbərlər