Gürcüstan 2026-cı ilin sonunadək Azərbaycan, Rusiya, Ermənistan və Bolqarıstanla fitosanitar nəzarət sahəsində əməkdaşlığa dair sazişlərin bağlanmasını müzakirə etməyi planlaşdırır.
"Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə bu ölkənin Milli Qida Agentliyinin (NFA) məlumatında deyilir.
Agentlikdən qeyd ediblər ki, fitosanitar nəzarət və sertifikatlaşdırma məsələləri üzrə ticarət tərəfdaşı olan ölkələrlə fəal əməkdaşlıq edirlər. Bu iş Gürcüstan kənd təsərrüfatı məhsullarının ixracına kömək etməyə və ticarətin təhlükəsizliyini təmin etməyə yönəlib.
"Beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi məqsədilə ilin sonunadək Azərbaycan, Rusiya, Ermənistan və Bolqarıstanın müvafiq qurumları ilə əməkdaşlıq sazişlərinin müzakirə edilməsi planlaşdırılır", - məlumatında bildirilib.
Əməkdaşlıq fitosanitar nəzarət sahəsində təcrübə mübadiləsini, laboratoriyaların imkanları və ixrac məhsullarında pestisid qalıqlarının yoxlanılması mexanizmləri ilə tanışlığı, həmçinin vahid yanaşmaların işlənib hazırlanmasını nəzərdə tutur.