Şirvan kanalı ilə 100 min hektardan çox yeni əkin sahəsi suvarılacaq

Şirvan suvarma kanalı vasitəsilə 100 min hektardan çox yeni əkin sahəsinin dövriyyəyə cəlb olunması planlaşdırılır.

"Report"un Şirvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, fermerlərə həmin sahələrdə müasir texnologiyalı suvarma sistemlərinin tətbiqi təklif olunur: "Çünki bu üsulun tətbiq edildiyi sahələrdə digərləri ilə müqayisədə 2 dəfədən artıq məhsul götürülür və azı 40–50 % su qənaəti əldə olunur".

A.Quliyev qeyd edib ki, hazırda ölkədə 1,5 milyon hektar torpaq sahəsi suvarılır və kənd təsərrüfatı məhsullarının 90 %-i məhz bu sahələrdən əldə olunur: "Fermerlərə taxıl sahələri biçildikdən 5–10 gün sonra şumlama işləri aparmaq tövsiyə olunur. Bu, təkcə taxıl sahələrinə deyil, digər əkin növlərinə də şamil edilir. Eyni zamanda, sahələrdə hamarlama işlərinin aparılması vacibdir. Kənd Təsərrüfatı Nazirliyi ölkəyə xüsusi lazerli hamarlama texnikaları gətirib və bu da fermerlər üçün çox əlverişlidir. Həmin texnikanın tətbiqi zamanı əlavə su itkilərinə yol verilmir, bütün sahələr eyni proporsional qaydada suvarma suyu ilə təmin olunur və məhsuldarlığın artırılmasında öz bəhrəsini verir".

Digər xəbərlər