Kənd təsərrüfatı Azərbaycan xalqının çoxəsrlik tarixində yalnız iqtisadi fəaliyyət sahəsi kimi yox, həm də halal əmək kimi dəyərlərin daşıyıcısı olub.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, "2026–2030-cu illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır: "Dövlət Proqramı aqrar sahənin inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyən edir. Məhsuldarlığın artırılması, müasir suvarma texnologiyalarının tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal və emal imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Dövlət Proqramında müəyyən edilmiş hədəflərə vaxtında və səmərəli nail olunması üçün aidiyyəti dövlət qurumları, özəl sektor, fermerlər və digər tərəfdaşlarla əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsi zəruridir".
Nazir aqrar sahənin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlərə də toxunub: "Aqrar sahənin hüquqi bazasının təkmilləşdirilməsi, "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" yeni qanunların qəbul edilməsi, dövlət dəstəyi mexanizmlərində yeni yanaşmalar müasir idarəetmə mexanizmlərinin tətbiqini və Dövlət Proqramının prioritetlərinə uyğun istehsalın təşviqini nəzərdə tutur. Bütün bu yeniliklərin əsas məqsədi fermerlər üçün daha əlverişli fəaliyyət mühiti yaratmaq, dövlət dəstəyinin səmərəliliyini yüksəltmək və aqrar sahənin rəqabət qabiliyyətini gücləndirməkdir".