Bu ilin yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu (ASF) ölkənin 38 rayon və şəhərindəki təsərrüfatlara ümumilikdə 1 milyon 872 min manat aqrar sığorta ödənişi həyata keçirilib.
"Report" Fonda istinadən xəbər verir ki, 254 baş mal-qaranın tələf olması səbəbindən təsərrüfatlara heyvandarlıq sığortası üzrə 1 milyon 362 min 177 manat sığorta ödənişi edilib.
Eyni zamanda, müxtəlif bitkilərin əkildiyi 764 hektar əkin sahəsinə zərər dəyməsi səbəbindən fermer və təsərrüfatlara bitkiçilik sığortası üzrə 510 min 153 manat sığorta ödənişi edilib.
Bu ilin 9 ayın nəticələri göstərir ki, heyvandarlıq sahəsində sığorta hadisələri yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, ilan sancması və vəhşi heyvanların hücumu nəticəsində baş verib. Zərərlərin böyük hissəsi yoluxucu xəstəliklər və zəhərlənmələrlə əlaqədardır.
Əkin sahələrinə isə dolu, sel-subasma, qasırğa, fırtına, leysan, şaxtavurma, üçüncü şəxslərin hərəkətləri, yanğın və vəhşi heyvanların hücumu nəticəsində zərər dəyib. Əkin sahələrinə ən çox zərər vuran hadisələr dolu və sel-subasma hadisələri olub.
Bu dövrdə ən çox sığorta ödənişi edilən rayonlar Ağdaş, Goranboy, Ağsu, Kürdəmir və Saatlı olub. Ağdaş rayonunda 481 min manat, Goranboyda 205 min manat, Ağsu rayonunda 181 min manat, Kürdəmirdə 119 min manat, Saatlıda isə 110 min manat sığorta ödənişi həyata keçirilib.
Bitkiçilik sığortası üzrə 27 rayonda, heyvandarlıq sığortası üzrə isə 21 rayon və şəhərdə ödəniş edilib. Bitkiçilik üzrə ən böyük sığorta ödənişləri Biləsuvar, Ağdam, Ağcabədi, Tovuz və Kürdəmir rayonlarında, heyvandarlıq üzrə ən böyük sığorta ödənişləri Ağdaş, Goranboy, Ağsu, İsmayıllı, Kürdəmir və Saatlı rayonlarında həyata keçirilib.
ASF fermerləri və təsərrüfat sahiblərini payızlıq əkinlər dövründə əkin sahələrini, tarla bitkilərini və meyvə bağlarını, həmçinin heyvandarlıq təsərrüfatlarını dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.