Azərbaycanın kənd və meşə təsərrüfatı sahəsi 2060-cı ilədək xalis sıfır emissiya balansına nail olacaq.
"Report" xəbər verir ki, müvafiq planlar Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında öz əksini tapıb.
2022-ci il göstəricilərinə əsasən, kənd təsərrüfatı fəaliyyətindən yaranan emissiyalar 8 milyon ton CO₂ ekvivalenti səviyyəsinə yüksəldiyi halda, torpaqdan istifadə və meşə təsərrüfatı sektoru (LULUCF) - 5,2 milyon ton CO₂ ekvivalenti həcmində xalis karbon udma qabiliyyəti nümayiş etdirib.
Nəticə etibarilə, kənd təsərrüfatı, meşə təsərrüfatı və torpaq istifadəsinin digər formalarını əhatə edən AFOLU kateqoriyası üzrə ümumi xalis emissiya göstəricisi 2,8 milyon ton CO₂ ekvivalenti olub.
Meşə ərazilərinin geniş miqyasda artırılması və böyük həcmli meşəsalma proqramlarının reallaşdırılması bu sahədə qalan emissiyaları bütünlüklə neytrallaşdırmağa və 2060-cı ilədək "Net-Zero" hədəfinə çatmağı mümkün edəcək. Aqrar istehsal sahəsində kənd təsərrüfatı texnikasının və suvarma sistemlərinin tam şəkildə elektrik enerjisinə keçirilməsi, peyin kompostlaşdırılması təcrübəsinin daha da genişləndirilməsi, eləcə də iribuynuzlu heyvanlarda enteral fermentasiya prosesinin azaldılmasına istiqamətlənmiş xüsusi yem əlavələrinin (o cümlədən 3-NOP) istifadəyə verilməsi planlaşdırılır.