Qarabağ Milli Parkındakı şirin sudan akvakultura üçün istifadə etmək mümkün olacaq

Qarabağ Milli Parkındakı şirin sudan onun kənarlarında akvakultura subyektləri kimi istifadə etmək mümkün olacaq.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev Bakıda keçirilən I Akvakultura Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrdə bildirib.

"Bir sıra qorunan ərazilər mövcuddur. Onlar milli parklardır, dövlət təbiət qoruqlarıdır, yasaqlıqlardır və sairə. Hansılar ki, biomüxtəlifliyi təbii şəraitdə, təbii landşaftda mühafizəsini təmin edir. Yəni biomüxtəliflik ilkin vəziyyətdə mühafizə olunur və mühafizənin müxtəlif komponentləri orada icra olunur. Biomüxtəliflik cəhətdən balıq növlərinin sayının müqayisəsində, məsəl üçün, 2013-cü ildə Azərbaycanda nəşr olunan "Qırmızı Kitab"a 9 balıq növü daxil idisə, 2023-cü ildə artıq bu kitaba 11 balıq növü daxil olunub. Yəni respublikada mövcud olan 104 balıq növündən artıq 11-i "Qırmızı Kitab"dadır, onların nəsli kəsilmək üzrədir. Əlbəttə ki, burada müəyyən obyektiv və subyektiv səbəblər var və bu istiqamətdə qorunan ərazilərin rolu xüsusi qeyd edilməlidir",-deyə o qeyd edib.

Rəis müavini əlavə edib ki, xüsusilə qurumun idarəetməsində olan təbii ərazilər bir sıra ekosistem xidmətləri göstərir ki, bunlar akvakultura sahəsi üçün vacib istiqamətlərdən biridir: "Belə ki, ekosistem xidmətlərinin ən birincisi orada mövcud olan bataqlıq ekosistemləridir. Bilirsiniz ki, onlar suyun təmizlənməsində təbii filtr rolunu oynayır və buradakı təmizlənmiş su akvakulturada istifadə olunan su mənbəyi kimi resurslardan biridir. Digər ekosistem xidməti meşə ekosistemləridir ki, bu da suyun filtrasiyası rolunu oynayır".

Digər xəbərlər