Azərbaycanda aqrar sahədə 90 %-lik vergi güzəşti tətbiq olunacaq.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yeni nəzərdə tutulan qaydalar çərçivəsində fermerlərin və aqrar sahədə sahibkarların elektron kənd təsərrüfatında qeydiyyatı şərti ilə vergilərin ləğvi nəzərdə deyil: "Əslində vergi güzəştinin 90 %-lik güzəştin tətbiq olunması nəzərdə tutulur ki, bu böyük bir həcmli deyil. Burada əsas məqsədimiz fəaliyyət göstərən bütün fermer təsərrüfatlarının və sadəcə ilkin məhsul istehsalının deyil, eyni zamanda ilkin emal ilkin emalın da elektron kənd təsərrüfatında qeydiyyatdan keçməyi, məhsullarını bəyan etməyi və daha düzgün, daha dolğun məlumatın bəyan edilməsinə nail olmaqdır".
Nazir bildirib ki, artıq toxum standartına cavab verməyən məhsullar toxum olaraq tanınmır: "Aqrar Xidmətlər Agentliyinin tərkibində olan Toxum Nəzarəti tərəfindən çıxdaş olunurlar. Statistik olaraq ilkin ölkədə toxum istehsalının azaldığı görsənsə də, bu, toxum istehsalının azalması deyil, bu, keyfiyyətli toxumun real həcmini göstərir. Son üç ildə tətbiq etdiyimiz bu ciddi nəzarət real toxumçu fermerləri üzə çıxardı. Keçən il 10 hektar və 100 hektardan yuxarı, bu ilin payız əkinlərindən etibarən isə 5 hektardan yuxarı taxıl, yəni arpa və buğda əkənlərə mütləq şəkildə sertifikatlı toxum tələbi qoymuşuq.Bunun əsas məqsədi əlbəttə ki, ümumi ölkə üzrə məhsuldarlığın artırılmasına nail olmaqdır.
M. Məmmədov əlavə edib ki, hər il 800 min - 1 milyon hektar arası taxıl səpini həyata keçirilir və bu da təxminən 250-350 min arası fermeri əhatə edir: "O qədər fermerin əkdiyi məhsulların daha keyfiyyətli və daha məhsuldar olmasına nail olmağın əsas yollarından biridir. Bu, beynəlxalq təcrübədir, həm bizim qonşu qardaş Türkiyənin tətbiq etdiyi təcrübədir və digər ölkələrin aqrar sahədə nailiyyət əldə etmiş təcrübəsidir ki, Azərbaycana da gətirməyə çalışırıq".