Nazir: "Əkin sahələrinin 10-12 %-i hər il monitorinqə cəlb edilir"

Hər il bəyan edilən əkin sahələrinin təqribən 10-12 %-i risk meyarları əsasında monitorinq prosesinə daxil edilir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, monitorinq nəticəsində əkilməmiş və ya səhv ərazidə əkilmiş, qeyri-dəqiq bəyan edilmiş sahələr, həmçinin həcmlərin yanlış göstərilməsi halları aşkarlanır: "Aşkar edildikdən sonra daxili reqlamentə uyğun olaraq kənarlaşmanın həcmindən asılı şəkildə bir illik və ya iki illik cərimə tətbiq olunur, həmin il üçün subsidiya ödənilmir və iki il ərzində də subsidiyadan məhrum edilir. Son illərin ümumi təcrübəsinə nəzər salsaq, hər il əkin sahələrinin təxminən 10-12 %-i monitorinqə cəlb olunur və bunun da 8-10 %-də kənarlaşmalar müəyyənləşdirilir. Həmin kənarlaşmalara müvafiq qaydada cərimələr tətbiq edilir və gələcək illərdə subsidiya ödənişləri dayandırılır".

M. Məmmədov vurğulayıb ki, cari ildən başlayaraq və sonrakı illərdə tətbiq olunan əhəmiyyətli yeniliklərdən biri monitorinq və nəzarətin bilavasitə peyk texnologiyası ilə aparılmasıdır: "Bu, insan amili ilə bağlı riskləri və buna oxşar məqamları aradan qaldırmağa imkan verir. Burada əsas üzləşdiyimiz çətinlik bəyan olunan ərazilərin koordinatlarındakı sürüşmələrdir. Biz anlayırıq ki, fermerlər bəzən əkin prosesini həqiqətən həyata keçirir, lakin əkdikləri sahənin koordinatları ilə çıxarışdakı koordinatların tam üst-üstə düşmədiyini aşkar edirik. Bu hallar yerində fərdi qaydada araşdırılır və öyrənilir. Ciddi sürüşmə mövcud deyilsə, 10-20 % həddində olan sürüşmələri nəzərə alaraq onların subsidiyalarını, əlbəttə ki, ödəyirik".

Digər xəbərlər