Nazir: "Balıqçılıq və akvakultura ərzaq təhlükəsizliyinə böyük töhfə verir"

Balıqçılıq və akvakulturanın inkişafı ərzaq təhlükəsizliyinə böyük töhfə verir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumunda bildirib.

Onun sözlərinə görə, su bioresurslarının qorunması, balıq ehtiyatlarının bərpası və qeyri-qanuni ovun qarşısının alınması əsas istiqamətlərdəndir: "Balıqçılıq və akvakulturanın inkişafı ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili bazarın yerli məhsullarla təminatı, regionlarda məşğulluğun artırılması və sahibkarlığın inkişafı baxımından geniş imkanlar yaradır. Bu potensialın reallaşdırılması müasir texnologiyaların tətbiqini, elmi biliklərin istehsalata inteqrasiyasını və investisiyaların təşviqini tələb edir. Eyni zamanda, ölkədə nadir və nəsli kəsilməkdə olan növlərin qorunması, balıqmühafizə, balıqartırma, həmçinin bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi əhəmiyyətlidir".

M.Məmmədov əlavə edib ki, Nazirlik sahibkarların təşəbbüslərinin dəstəklənməsinə xüsusi önəm verir: "Bununla yanaşı, istehsalın genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə, ekoloji tarazlığın qorunması, təbii balıq ehtiyatlarının bərpası və biomüxtəlifliyin mühafizəsi prinsiplərinə əsaslanmalıdır. Xüsusilə Xəzəryanı və qonşu ölkələrlə elmi tədqiqatlar, mütəxəssis hazırlığı və texnologiya mübadiləsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsini vacib hesab edirik".

Digər xəbərlər