AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir

Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir.

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, ölkənin baş baytar müfəttişi Qalib Əbdüləliyev Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumunda bildirib.

Onun sözlərinə görə, bəzi sahibkarlar daşınma zamanı qida təhlükəsizliyi tələbləri və hüquqi baza barədə məlumatsızdır: "Burada bizim də günahımız var. Gərək daha çox təbliğat, maarifləndirmə işləri görək. Amma qanunu bilməmək adamı məsuliyyətdən qurtarmır. Əgər siz həmin fəaliyyətlə məşğulsunuzsa, özünüz də təşəbbüs göstərməlisiniz. "Baytarlıq haqqında" qanunda nəzarət olunmalı yüklərin siyahısı var və ora balıqçılıq məhsulları da daxildir".

Şöbə müdiri qeyd edib ki, emal olunmamış məhsulların daşınması zamanı söhbət təkcə diri balıqdan getmir: "Balıq qida üçün istehlaka buraxılır və emal olunmuş məhsulların hamısı baytarlığın nəzarətinə aid olan yükə aiddir. Xaricə də balıqçılıq məhsulları göndərəndə mütləq baytarlıq sertifikatı həmin ölkənin idxal tələblərinə uyğunlaşdırılmalıdır. Ondan sonra bizim ərazi regional bölməsi baytarlıq şəhadətnaməsi verməli, məhsul yola salınmalıdır. Bunların hamısı baytarlıq haqqında yeni qanunvericilikdə var, hansı ki, indi o qanun üzərində iş gedir. Sənəd by yaxınlarda müzakirəyə təqdim olunacaq".

Digər xəbərlər