Deputat: "Aqrar islahatlar kiçik fermer təsərrüfatlarının inkişafını da əhatə etməlidir"

Aqrar sahədə həyata keçirilən islahatlar kiçik fermer təsərrüfatlarını da əhatə etməlidir.

"Report" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, aqrar sektora həm elmi, həm də iqtisadi prizimadan yanaşıldıqda, adambaşına düşən məhsul istehsalı da nəzərə alınaraq, Azərbaycanın kənd təsərrüfatı sahəsi mövcud imkanlarından əhəmiyyətli dərəcədə geri qalır: "Halbuki ölkəmiz kənd təsərrüfatı sahəsində olduqca böyük potensiala malikdir. Bu imkanlardan effektiv şəkildə yararlanmaqla daha geniş həcmdə kənd təsərrüfatı məhsulları istehsal etmək mümkündür. Bu kontekstdə yeni, orta və kiçik təsərrüfatların bir-biri ilə inteqrasiyasına nail olmaq zəruridir. Beynəlxalq təcrübə də sübut edir ki, orta və iri təsərrüfatların gücləndirilməsi kənd təsərrüfatı məhsullarının həm istehsal həcminin, həm də ixrac potensialının artırılması baxımından böyük əhəmiyyətə malikdir. Eyni zamanda, adambaşına düşən məhsul istehsalının yüksəldilməsi üçün yeni təsərrüfatların formalaşdırılması ilə yanaşı, kiçik fermer təsərrüfatlarının inkişafına da xüsusi diqqət ayrılmalıdır".

Ə.Məsimli hesab edir ki, islahatlar yalnız iri təsərrüfatları deyil, kiçik miqyaslı fermer təsərrüfatlarını da əhatə etməlidir.

"Ayrıca onu da vurğulamaq istəyirəm ki, regionların inkişafı ilə əlaqədar digər dövlətlərin yol verdiyi nöqsanları biz təkrar etməməliyik. Əks təqdirdə, müəyyən vaxt keçdikdən sonra regionlarda ciddi çətinliklər meydana gələ bilər. Çünki kənd təsərrüfatı yalnız məhsul istehsalı ilə məhdudlaşmır, həm də kənd ərazilərində məşğulluğun təmin edilməsi, əhalinin gəlir səviyyəsi və sosial həyatla bilavasitə bağlıdır. Bu istiqamətdə atılan addımların nəticələri regionların gələcəyinə birbaşa təsir edəcək".

Deputat həmçinin vurğulayıb, Azərbaycanın ərzaq istehlakı strukturunda çörək və ət məhsulları xüsusi yer tutur: "Hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da ərzaq istehlakının özünəməxsus ənənələri mövcuddur. Çörək və ətin qiymətində yaranan dəyişikliklər digər ərzaq məhsullarının qiymətlərinə də təsir göstərə bilər. Buna görə də aqrar sahədə qərarlar verilən zaman ehtiyatlı yanaşmaq, başqa ölkələrin təcrübəsini araşdırmaq və mümkün nəticələri qabaqcadan qiymətləndirmək vacibdir".

Digər xəbərlər