Azərbaycanda növbəti aylardan balıqçılıq və akvakultura təsərrüfatları bir sıra texnikalar üzrə güzəştdən yararlanmaq imkanı əldə edəcəklər.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Elnur Musayev Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumu çərçivəsində panel müzakirələrdə deyib.
Onun sözlərinə görə, balıqçılıq və akvakultura təsərrüfatlarında tətbiq olunan bəzi texnikalar artıq güzəşt siyahısına daxil edilərək müvafiq icra qrupunda nəzərdən keçirilib: "Güzəşt mexanizminin şərtlərinə gəlincə, fermer minimum 20 % ilkin ödəniş həyata keçirməlidir. Texnikanın gömrük bəyannaməsi üzrə dəyərinin 40 %-i dövlət tərəfindən əvəzsiz güzəşt formasında fermerə və ya təchizatçıya ödənilir. Qalan 40 % üçün isə fermer faizsiz kredit imkanından yararlana bilər. Başqa sözlə, fermerin ödəməli olduğu faiz məbləğini dövlət üzərinə götürür. Hesab edirik ki, bu, sahənin inkişafında və müasir texnoloji avadanlıqların istifadəsinin stimullaşdırılmasında olduqca əhəmiyyətli bir vasitə olacaq".
E.Musayev həmçinin bu sahəyə aid olan texnikaların tərkibi barədə ətraflı məlumat verib: "Siyahıya su keyfiyyəti və dövriyyəsi sistemləri (RAS sistemləri adlandırdığımız), hovuz aeratorları və oksigen generatorları, baraban (drum) filtrlər, protein skimmerləri və deqazasiya modulları, su dövriyyəsi nasosları, hissəciklər və sensorlar, ozon və kimyəvi filtrli dezinfeksiya sistemləri, ultrabənövşəyi sterilizatorlar, bioloji filtrasiya məqsədilə yükləmə materialları, dəniz və göl akvakulturasında torlar, çərçivələr və konstruksiyalarla birgə üzən qəfəs sistemləri, yemləmə və çoxaltma üçün stasionar yem paylayıcıları aid edilir. Sifət çənləri və kürü yetişdirmə qabları, canlı balığın daşınmasında istifadə olunan avadanlıqlar və digər vasitələr də bu siyahıya daxildir. Bu məsələlər aidiyyəti icra qrupunda artıq nəzərdən keçirilib. Düşünürük ki, ciddi dəyişiklik edilmədən bu siyahı təsdiq olunacaq və gələn ilin yanvarın 1-dən başlayaraq fermerlərimiz bu avadanlıqlara şamil ediləcək güzəştlərdən faydalana biləcəklər. Bundan əlavə, bu avadanlıqlar müntəzəm qaydada yenilənmə imkanına malikdir".