Ağsuda aqrar sahəyə dövlət dəstəyi mexanizmləri müzakirə olunub

Ağsuda Toxum Sərgi-Satış Yarmarkası və "Aqrar sahədə dövlət dəstəyi mexanizmləri" panel müzakirəsi keçirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyəti ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə toxum sərgi-satış yarmarkası və "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" panel müzakirəsi təşkil olunub.

Tədbirdə fermerlərə və kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrar sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, yeni imkanlar və qarşıda duran prioritetlər barədə ətraflı məlumat verilib.

Panel müzakirəsi zamanı "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üzrə Dövlət Proqramı"nın əsas istiqamətləri və hədəfləri sahibkarların və fermerlərin diqqətinə çatdırılıb.

Həmçinin Aqrar Subsidiya Şurasının yeni qərarları, toxumçuluq sahəsində qanunvericilik, toxum istehsalının və keyfiyyətinin artırılması, balıqçılıq və akvakultura sahəsinin inkişafı, eləcə də aqrar sektorda tətbiq olunan digər dəstək mexanizmləri müzakirə olunub.

Ağsu rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov paneldəki çıxışında aqrar sektorun rayonun sosial-iqtisadi inkişafında mühüm rolunu vurğulayıb. O, kənd təsərrüfatı istehsalının genişləndirilməsi, fermerlərin fəaliyyətinə dövlət dəstəyinin artırılması, müasir aqrar yanaşmaların tətbiqi və fermerlərlə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək Mərkəzin fəaliyyət istiqamətləri, regionlarda aqrar innovasiyaların təşviqi, müasir texnologiyaların fermerlər arasında yayılması və innovativ həllərin kənd təsərrüfatı istehsalına tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, bu cür görüşlərin fermerlərin maarifləndirilməsi, mövcud imkanlardan məlumatlılığının artırılması və aqrar sahədə innovasiyaların geniş tətbiqi baxımından əhəmiyyətini qeyd edib.

Paneldə nazirliyin müvafiq struktur bölmələri, Aqrar Sığorta Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və "Unibank"ın nümayəndələri iştirak ediblər.

Qurumların nümayəndələri təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri, fermerlərə və sahibkarlara təqdim olunan xidmətlər, güzəşt və dəstək imkanları, aqrar sığorta, kreditləşmə, məşğulluq, su ehtiyatlarından səmərəli istifadə və qida təhlükəsizliyi ilə bağlı məlumatları iştirakçılarla bölüşüblər.

Panel müzakirəsi zamanı fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.

Tədbir çərçivəsində təşkil olunan toxum sərgi-satış yarmarkasında fermerlər müxtəlif toxum məhsulları ilə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq və məhsulların əldə olunması imkanlarını dəyərləndirmək imkanı qazanıblar.

Tədbirin keçirilməsində əsas məqsəd aqrar sahədə dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığın artırılması, fermerlərin müvafiq dövlət qurumları ilə birbaşa ünsiyyətinin təmin edilməsi, toxumçuluğun inkişafı və kənd təsərrüfatı istehsalçılarının yeni imkanlardan daha səmərəli istifadəsinə dəstək göstərilməsidir.

Digər xəbərlər