ABŞ-nin Azərbaycan dövlətinə qarşı birtərəfli və qərəzli fikirləri tamamilə qəbuledilməzdir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, ilk növbədə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir:
“Buradan həmin dövlət rəsmiləri və digərlərinə səslənirəm ki, Dağlıq Qarabağ adlı anlayış yoxdur, Qarabağ var və bu da tarixən Azərbaycan ərazisi olub, hər zaman da Azərbaycanın olacaq. Təəssüf ki, bu tip bəyanatlar ilk olaraq Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda davam edən uzunmüddətli münasibətləri zərbə altına alır”.
Sədr müavini bildirib ki, ABŞ hökuməti Azərbaycana qarşı növbəti dəfə ikili standartlar nümayiş etdirərək öz saxta, ikiüzlü mövqeyini ortaya qoyur:
“ABŞ rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi iddialar separatizmin və Ermənistan daxilində revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil”.
Qeyd edək ki, Milli Məclisin deputatları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəyiblər.