Danik Zandronis: Müstəmləkə ərazisində jurnalist olmaq asan deyil
- 25 iyun, 2025
- 10:09
Müstəmləkə ərazisində jurnalist olmaq asan vəzifə deyil, çünki əsas KİV-lər əhaliyə mental təsir vasitəsi kimi istifadə olunur.
“Report” xəbər verir ki, bunu Qvadelupdan olan jurnalist Danik Zandronis bu gün Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, tarixən Qvadelupda KİV Fransa tərəfindən əhalinin düşüncəsinə təsir göstərilməsi və müstəmləkəçiliyin kök salması üçün istifadə olunub.
"Qvadelupda kütləvi informasiya vasitələri, xüsusilə dövlət KİV-ləri, əhalidə müəyyən düşüncə tərzini formalaşdırmaq üçün istifadə olunur. Radio və televiziya xalqın deyil, metropoliyanın maraqlarına xidmət edir", - o vurğulayıb.
Jurnalistin sözlərinə görə, efirdə yalnız fransız kontenti, o cümlədən musiqi və verilişləri üstünlük təşkil edir ki, bu da Qvadelup sakinlərinin mədəni kimliyinin qorunmasını çətinləşdirir.
"Əvvəllər biz hər səhər radioda Fransa himnini, fransız mahnılarını, məsələn, Şarl Aznavurun mahnılarını dinləmək məcburiyyətində idik. Yerli KİV Qvadelup mədəniyyəti və dili üçün yer ayırmırdı. Bu, azad jurnalistika deyil, mental itaətdir", - Zandronis bildirib.
O, həmçinin qeyd edib ki, müstəmləkəçilik şəraitində KİV və jurnalistika nəzarət alətidir: "Bizim vəzifəmiz bunu dəyişdirməkdir".