Azərbaycan XİN başçısının müavini: Dəyişən dünyada ənənəvi dəyərlər pozulur, məhv edilir
- 14 mart, 2025
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Dəyişən dünyada ənənəvi dəyərlər pozulur, məhv edilir.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov XII Qlobal Bakı Forumunun ikinci günündə baş tutan "Yeni dünya düzənində orta güclər" adlı panel sessiyada çıxış edərkən deyib.
Onun sözlərinə görə, BMT-nin nizamnaməsinə uyğun gəlməyən hallar müşahidə olunur:
"Azərbaycan uzun illər Ermənistanın hərbi təcavüzündən əziyyət çəkib. Biz Türk Dövlətləri Təşkilatını qurmuşuq. Hər il bu təşkilat güclənir. Qoşulmama Hərəkatı aparıcı platforma kimi çıxış edir. Bu hərəkat BMT-dən sonra ikinci böyük təşkilat hesab olunur. Dünyada isə münaqişələr səngimir. Belə bir vaxtda Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir".
Nazir müavini həmçinin ölkələrin müstəqil qərar qəbul etmək iqtidarında olmasını vacib amil sayıb:
"Ölkələr milli maraqlarını üstün tutmalıdır. Həmçinin iqtisadi müstəqillik olmadan özünüzü müdafiə edə bilməzsiniz, əgər dünyada öz yerinizi müəyyən etmək istəyirsinizsə, birmənalı olaraq güclü iqtisadiyyatınız olmalıdır".