Azərbaycanın azad edilmiş ərazilərinin mina və digər partlayıcı qurğularla kütləvi çirklənməsi bərpa və yenidənqurma səylərinin rəvan irəliləməsinə ciddi maneə olaraq qalır.
“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən dünya siyasətçilərinin diqqətinə çatdırıb.
Nazir vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri 377 nəfər, o cümlədən mülki şəxslər minaların qurbanı olub.
“Bunu nəzərə alaraq, Azərbaycan minatəmizləmə fəaliyyətinə həsr olunmuş 18-ci Dayanıqlı İnkişaf Məqsədini milli hədəf kimi müəyyən edib. Problemin miqyasını nəzərə alaraq, Azərbaycanın minatəmizləmə sahəsində humanitar potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyə və onun artırılmasına ehtiyac var”, – Ceyhun Bayramov qeyd edib.
Nazir həmçinin Azərbaycan ərazilərində humanitar minatəmizləmə işlərinə töhfə verən bütün ölkələrə və maraqlı tərəflərə minnətdarlığını bildirib.