ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
"Report"un ABŞ bürosunun məlumatına görə, tədbir Azərbaycan səfirliyinin təşkilatçılığı ilə ABŞ-Azərbaycan Ticarət Palatasında baş tutub.
Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra "Xocalı nişanəsi" bədii-sənədli qısametrajlı film nümayiş etdirilib.
Sonra Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbok xatirələrini tədbir iştirakçıları ilə bölüşüb və kamançada həzin Azərbaycan musiqilərini ifa edib.
Tədbirin yekununda Xocalıda şəhid olmuş vətəndaşların xatirəsini anmaq üçün ehsan süfrəsi açılıb.
Bundan başqa, Nyu-Yorkdakı Türk Evində Amerika Azərbaycanlıları Koordinasiya Şurasının və "My Way" Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə anım gecəsi keçirilib.
Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, "Xocalı qətliamı" qısa metrajlı filmi nümayiş olunub.
Gənc musiqiçi Drezden simfonik orkestrinin solisti və Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ifaçısı Şəbnəm Hüseyn ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış edib. Sənətçi Azərbaycan və klassik bəstəkarlar Albinoninin "Adagio", Erik Satinin "Ginossienne", Fikrət Əmirovun "Mən səni araram", Tofiq Quliyevin "Qəmgin mahnı", Asəf Zeynallının "Ölkəm" romansı, "Ay Laçın" xalq mahnısı, Fərhad Bədəlbəylinin "Ave Maria" ("Pərvərdigarə") əsərlərini ifa edib.
Eyni zamanda azərbaycanlı rəssamlar Çingiz Musayevin Xocalı faciəsinin qurbanlarına ithaf etdiyi əsərləri və heykəltaraş-rəssam Emin Quliyevin "Xocalı abidəsi" adlı heykəli də nümayiş olunub.