ABŞ-ın paytaxtı Vaşinqton şəhərində İpək Yolu Tədqiqatları Proqramı çərçivəsində “Azərbaycan-Özbəkistan Əməkdaşlığı: Xəzəri Birləşdirmək” adlı onlayn formatda forum keçirilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, Amerika Xarici Siyasət Şurası nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutunun ev sahibliyi ilə baş tutan forumda Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Özbəkistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Furqat Sidikov, eləcə də Mərkəzi Asiya - Qafqaz İnstitutunun sədri Frederik Star natiq qismində iştirak ediblər.

Mərkəzi Asiya - Qafqaz İnstitutunun direktoru Svante Kornel moderatorluğu ilə keçirilən forumda Azərbaycan və Özbəkistan xalqları arasında tarixi möhkəm dostluq və qardaşlıq əlaqələrindən bəhs edilib, son illər ərzində həm iki ölkə arasında, həm də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətlə inkişaf etdiyi xüsusi vurğulanıb.
S. Kornel bildirib ki, Xəzər regionunda əməkdaşlıq səyləri artsa da, Azərbaycan və Özbəkistan dövləti arasında münasibətlərin inkişafı kifayət qədər işıqlandırılmır.

Forumda çıxış edən X.İbrahim deyib ki, iki dövlətin xalqları arasında mövcud olan münasibətlərin inkişafı təbii şəkildə baş verib və bu münasibətlər ortaq dəyərlərə söykənir. Belə ki, iki dövlət arasında münasibətlər yüksələn xətlə inkişaf etməklə yanaşı, Azərbaycan və Özbəkistan beynəlxalq arenada mövcud olan əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirirlər.
Səfir bildirib ki, Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşündə dövlətlər arasında mövcud münasibətlər, eləcə də gələcək planlan müzakirə ediləcək.
O, “Orta Dəhliz” kimi vacib beynəlxalq nəqliyyat dəhlizinin iki dövlətin əməkdaşlıq münasibətlərinə töhfə verməsini qeyd edib. Bölgədəki infrastruktur layihələrinə, xüsusilə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi genişləndirmə planlarının olduğunu qeyd edib. Diplomat bu əməkdaşlığın region ölkələrinə verdiyi tövhələrindən bəhs edib.
Forumda çıxış edən F.Star bu gün türk dilli dövlətlərin xalqları arasında mövcud olan münasibətlərin dərin köklərindən danışıb və bu münasibətlərin inkişafının əhəmiyyətini vurğulayıb.

Səfir F.Sidikov isə çıxışında iki xalqın hər zaman harmoniya içərisində yaşadığını və uzun illərə dayanan münasibətlərin son zamanlar iqtisadiyyata müsbət təsirindən bəhs edib. Diplomat qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi artıb. O, Azərbaycanın Özbəkistan üçün Avropaya çıxış qapısı, eləcə də Özbəkistanın da Azərbaycan üçün Asiyaya çıxış qapısı olduğunu bildirib. Səfir Azərbaycan və Özbəkistan xalqlarının ortaq keçmişə malik olduğunu və gələcəyi birgə quracağına inamını ifadə edib.
Natiqlər Azərbaycanın xarici siyasətində Özbəkistanla və eləcə də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafının mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin bu gün hər iki ölkə liderinin uzaqgörən siyasəti, qarşılıqlı sıx baş tutan səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf edir, iqtisadi və ticarət əlaqələri daha da möhkəmlənir.
Tədbirin sonunda çıxışçılar auditoria tərəfindən ünvanlanmış sualları cavablandırıblar.