Türkiyə ilə Azərbaycan mədəniyyət sahəsində layihələrin keçirilməsi əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, bunu Türkiyənin muxtar respublikadakı baş konsulu Asip Kaya Naxçıvanın mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovla görüşündə deyib.
İğdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acarın da iştirak etdiyi görüşdə nazir müavini qardaş ölkə arasında mədəni əlaqələrin tarixinin çox qədim və zəngin olmasından bəhs edib, Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladıb. İki ölkənin rəhbərləri arasında mövcud olan dostluq münasibətlərinin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də qarşılıqlı münasibətlərin inkişaf və dərinləşməsinə təkan verdiyini vurğulayıb.
Bu il 100 illiyini qeyd etdiyimiz muxtariyyətimizin qazanılmasında qardaş ölkənin verdiyi dəstəyin heç zaman unudulmadığını bildirib.
Asip Kaya iki qardaş ölkə, eləcə də Naxçıvan Muxtar Respublikası ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Bu il müxtəlif mədəni tədbirlərin gerçəkləşəcəyini bildirib.
Ziya Zakir Acar İğdır-Azərbaycan Evinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunan layihələr barədə ətraflı məlumat verib, təşkil edilən layihələrin Naxçıvanın mədəniyyətinin, incəsənətinin İqdırda, eləcə də Türkiyənin digər bölgələrində tanıdılmasına xidmət edəcəyini, tarixi köklərimizdən süzülüb gələn zəngin mədəni irsimizin təbliği və gələcək nəsillərə ötürülməsinə böyük təsir göstərəcəyini vurğulayıb.
Sonra Naxçıvan və İqdir arasında baş tutacaq mədəni tədbirlər – muxtar respubikasının tarixi, yetişdirdiyi böyük şəxsiyyətlər, ortaq mədəni dəyərə sahib həsrət körpüsü ilə bağlı konfrans və simpoziumların keçirilməsi, turizm ehtiyatları, tarixi və mədəni abidələri ilə bağlı təbliğat işinin genişləndirilməsi, poeziya və musiqi gecələrinin, Naxçıvan teatrlarının və incəsənət nümayəndələrinin, rəqs kollektivlərinin qastrol səfərlərinin, dərslərin təşkili və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.