"Biz Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə çox şadıq və fəxr edirik".
Bunu "Report"un Gürcüstan bürosuna müsahibəsində Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Tornike Rijvadze söyləyib.
O deyib: "Bu gün bizim sevincimiz ikiqatdır, çünki bir çox tanınmış incəsənət xadimləri, o cümlədən dost Azərbaycandan incəsənət ustaları Batumidə keçirilən 10-cu Qara Dəniz Musiqi Festivalında iştirak edir. Mən azərbaycanlı dostlarımızı və tərəfdaşlarımızı bu önəmli gün münasibətilə təbrik etmək istərdim. Biz ölkələrimizə daha güclü dostluq və tərəfdaşlıq əlaqələri arzulayırıq".
Hökumət başçısı deyib ki, bizim əlaqələrimizin əsası xalqlarımızın böyük liderləri tərəfindən qoyulub. Dövlətlərimiz hər il daha da güclənir. Bizim ikitərəfli əlaqələrimiz ən yüksək səviyyədədir.
"Düşünürəm ki, bu cür tədbirlər ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir və münasibətlərimizin inkişafına xidmət edir", - deyə T.Rijvadze vurğulayıb.