“Qəti şəkildə elan etmişik ki, biz Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq. Ora qayıdacaq insanların təhlükəsizliyinə tam zəmanət alındıqdan sonra qayıdış olacaq”.
“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
İcma sədri bildirib ki, insanlarımız ora ləyaqətli şəkildə qayıtmalıdır: “Yəni, Ermənistan vətəndaşlarının malik olduğu bütün hüquqlar bizim soydaşlarımıza da şamil olunmalıdır. Ermənistanın bütün dövlət strukturlarında soydaşlarımızın tamhüquqlu vətəndaş kimi iştirak etmək üçün hər cür şərait yaradılmalı, sosial və iş problemlərinin həlli, dövlət işlərində təmsil olunmaq haqqı təmin olunmalıdır. Bütün bunlar bizim konsepsiyada əks olunub”.
Ə.Ələkbərov vurğulayıb ki, Qərbi azərbaycanlılarla bağlı məsələləri qısa müddətdə dünya ictiamiyyətinə biliblər. Son bir il ərzində Qərbi Azərbaycan İcmasının 7 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb.