"Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi imzalanmaq təklifi çox mühüm addımdır".
"Report"un məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
O, Türkiyə, Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin həm ölkələrimizin və xalqlarımızın rifahına, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb.
M.Şəntop parlament diplomatiyası çərçivəsində üç ölkə nümayəndələrinin bir araya gəldiyini məmnunluqla qeyd edib.
TBMM sədri, həmçinin Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə bağlı bölgədəki cari vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmaq təklifini çox mühüm addım kimi dəyərləndirib.
Azərbaycanın humanitar sahədə önəmli addımlar atdığını qeyd edən Türkiyə Böyük Millət Məclisinin sədri, Ermənistan tərəfindən bütün mina xəritələrinin Azərbaycana verilməsinin zəruri olduğunu vurğulayıb.