Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub.
Xarici siyasət
26 İyun , 2024 22:52
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub.

"Report" xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və səfirliyin Hərbi Attaşe aparatının təşkilatçılığı ilə Tbilisidə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Tədbirdə Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, Türkiyə, Qazaxıstan və Türkmənistanın səfirləri, xarici ölkələrin Gürcüstanda akkreditə olunmuş səfirliklərinin hərbi attaşeləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbirdə çıxış edərək 1918-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin - Milli Ordunun yaradılması tarixi və zərurəti barədə ətraflı məlumat verib.

Gürcüstan Müdafiə Nazirinin birinci müavini Paata Patriaşvili çıxış edərək Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib. Azərbaycan Ordusunun hər ötən il daha da modernləşdiyini və gücləndiyi qeyd edən P.Patriaşvili deyib ki, güclü Azərbaycan ilə əməkdaşlıq Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin Hərbi Attaşe aparatının rəhbəri polkovnik Fuad İbrahimov çıxış edərək bildirib ki, ötən illər ərzində Azərbaycan özünü etibarlı beynəlxalq tərəfdaş kimi sübut edib. O, NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Ordusunun Alyansın standartlarına uyğunlaşdırıldığını, hərbçilərimizin NATO çərçivəsində müvafiq təlimlərdə, o cümlədən sülhməramlı qüvvələrin tərkibində Kosovo, İraq və Əfqanıstanda iştirak etdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi