“Birinci Qarabağ müharibəsindən sonra doğulmuş və “Azərbaycan pisdir” ideologiyası ilə böyümüş Qarabağın gənc erməni sakinlərinin bu istiqamətdəki düşüncələrini dəyişmək bizim diqqət etdiyimiz istiqamətlərdən biridir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “The Jerusalem Post”a müsahibəsində deyib.
Diplomat söyləyib ki, Qarabağın erməni sakinlərindən bəziləri Birinci Qarabağ müharibəsindən sonra doğulublar və azərbaycanlılarla münasibət qurmaq imkanları olmayıb: “Nəticədə onlar “Azərbaycanlılar pisdir” təbliğatı ilə böyüdülər. Onlara aşılanmış bu düşüncəni dəyişmək üçün çox işlər görülməlidir və bu bizim diqqət etdiyimiz istiqamətlərdən biridir. Yaşlıların çoxu isə Azərbaycan dilində danışa bilir”.
Qarabağın erməni sakinlərinin bölgəni tərk etməsi məsələsinə də toxunan səfir bildirib ki, onların bir hissəsi bölgəyə heç bir aidiyyəti olmayan Ermənistan ordusunun əsgərləri və ya hərbi qruplardır.
M.Məmmədov əlavə edib ki, Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir: "Biz orada yaşayan, kənardan gəlməmiş Qarabağın erməni sakinləri ilə danışmağa hazırıq. Biz elan etdik ki, istəyən hər kəs qalıb Azərbaycan qanunları ilə yaşaya bilər və biz heç kimi mühakimə etməyəcəyik. Videogörüntülərdən də polis və hərbçilərin yaralılara, yaşlılara kömək etdiyi görünür. Bizim bu insanlara qarşı heç bir qərəzimiz yoxdur. Onlar 30 il ərzində Azərbaycan əleyhinə apardıqları təbliğatlara görə gedirlər”.