​Səfir: "Meksika və Azərbaycan bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdir" - MÜSAHİBƏ

​Səfir: "Meksika və Azərbaycan bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdir" - MÜSAHİBƏ "Meksika Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dəstəkləyir"
Xarici siyasət
16 Sentyabr , 2015 10:38
​Səfir: Meksika və Azərbaycan bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdir - MÜSAHİBƏ

Bakı. 16 sentyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardininin "Report"a müsahibəsi.

- Cənab səfir, Azərbaycan və Meksika arasındakı siyasi əlaqələrin səviyyəsini Siz necə qiymətləndirirsiniz?

- Əlaqələr çox yaxşı inkişaf edir və irəliyə doğru gedir. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edildikdən sonra, Meksika qısa zaman ərzində, 14 yanvar 1992-ci il tarixində ölkənin müstəqilliyini tanıyıb və Azərbaycanla diplomatik münasibətlər qurub. Azərbaycan Mexikoda səfirliyini 2007-ci ildə açıb və 2009-cu ildə daimi səfirini təyin edib. Bakıda səfirliyimizin açılmasından bir müddət sonra, ötən ilin sonunda mən ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədilə ölkənizə gəldim. Azərbaycan Qafqazda ən vacib ölkədir. Meksika və Azərbaycan arasında neft və qaz sahəsində əlaqələr mövcuddur, lakin münasibətlərimiz həm də bir çox digər sahələri də əhatə edir. Azərbaycanın inkişaf edən iqtisadiyyatı eyni dərəcədə cəlbedicidir. Onun mədəniyyəti Meksika mədəniyyətinə çox bənzəyir. Son illərdə hər iki ölkədə bir-birini daha yaxşı başa düşmək üçün maraq artır. Bunun sübutu kimi Meksika Konqresinin Azərbaycanla bütün sahələrdə, o cümlədən, neft və qaz, texnologiya, ticarət və mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsinə yönələn qətnamənin qəbulunu göstərmək olar. Meksika əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq üçün regionda tərəfdaş tapmaq istiqamətində hərəkət edir. Səfirliyin açılması və səfirin ölkəyə gəlişi bütün dinamikanı dəyişir. Səfirliyin açılması bizim bütün sahələri əhatə edən bir çox əlaqələrimizin mövcud olmasını təsdiqləyir.

- İqtisadi əməkdaşlığımız barədə nə deyə bilərsiniz? Ölkələrimiz arasındakı ticarət dövriyyəsi hansı səviyyədədir?

- Hazırda ticarət dövriyyəsi nisbətən azdır və 2 milyon dollardan aşağıdır. Buraya neft sahəsi üçün avadanlıqlar və elektron texnikasının satışı daxildir. Lakin bu həm də ölkələrimiz arasında geniş imkanların olmasının bir göstəricisidir. Ötən il ümumi dövriyyə məbləğinin 200 min dolları tekilanın və 70 min dolları Meksika pivəsinin payına düşüb. Meksika dünyada ən iri pivə ixracatçısıdır. Demək olar ki, dünyada hər beşinci qablaşdırılmış pivə Meksikada istehsal olunur.

Meksika torpağı çox münbit və məhsuldardır, burada bəzi ərazilərdə bir il ərzində iki və ya üç dəfə məhsul götürmək mümkündür. Belə ki, Meksika çiyələk, ənginar, yunan qabağı, qarğıdalı, pomidor, xiyar, zeytun, və digər kənd təsərüffatı məhsullarının ABŞ bazarına əsas ixracatçısıdır. Biz bütün bu məhsulların qışda da çatdırılmasını təmin edə bilərik. Bundan əlavə, biz eləcə də şəkər, balıq, ət və süd məhsullarının da ixracını həyata keçirə bilərik. Meksika pomidor və avokado istehsalı sahəsində dünyada liderdir. Biz Meksika və Azərbaycan arasında əlaqələrin inkişaf edə biləcəyi iqtisadi sahələrin tapılması üzərində iş aparırıq.

İki ölkə həm də neft və qaz istehsal edir. Siz hasilatın pay bölgüsü sazişləri əsasında (PSA Production Sharing Agreement) artıq 25 ildir işləyirsiniz. Biz bu sahədəki sizin təcrübənizdən yararlana bilərik.

Biz həmçinin Meksikada "biznes turizm"in inkişafına nail olmağa çalışırıq.

Meksika avtomobil istehsalına görə dünyada 7-ci yeri tutur. 19 ən iri avtomobil markaları Meksikada avtomobil istehsal edir. 2016-cı ildə Meksikada 4 milyon avtomobil istehsal olunacaq. Təsəvvür edin, demək olar ki, bu say Azərbaycan əhalisinin yarısı qədərdir.

Meksika həmçinin müvafiq texnologiyalar tələb edən düz ekranlı televizorların əsas istehsalçısıdır. Ölkəmizdə kosmos sənayesi də güclü inkişaf edib.

Biz dünyanın iri mobil telefon istehsalçılarının yer aldığı ilk üçlüyə daxilik. Ola bilsin ki, sizin telefonunuz da məhz Meksikada istehsal olunub.

Biz hazırda iqtisadiyyatımıza görə dünyada 14-cü yerdəyik. 2050-ci ildə isə artıq 7-ci olmaq niyyətindəyik. Beləliklə də, ölkələrimiz arasında ticarət, təhsil və investisiya qoyuluşu sahələrində geniş potensial mövcuddur.

- Digər hansı sahələrdə Meksika və Azərbaycan sərfəli əməkdaşlıq qura bilər?

- Meksika və Azərbaycan bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdir. Məsələn, idman sahəsini göstərmək olar. Bir neçə gün əvvəl mən Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovla görüşdüm. Aramızda yaxşı bir dialoq baş tutdu. Bu sahədə əməkdaşlığın inkişafı hər iki ölkə üçün faydalıdır. Biz Azərbaycanın güclü olduğu ağır atletika, gimnastika, güləş kimi idman növlərini öz ölkəmizdə inkişaf etdirməyə çalışa bilərik, əvəzində Meksikanın nailiyyətlər əldə etdiyi boks, txekvando və suya tullanma idman növlərində Azərbaycanla əməkdaşlıq edə və təcrübəmizlə bölüşə bilərik. Əminəm ki, bu sahədə təcrübə mübadiləsi ölkələrimiz üçün faydalı ola bilər. Azərbaycanın boks yığması bu il iki dəfə Meksikada olub və yerli idmançılarla birgə məşqlər keçib. İdmanı inkişaf və birgə fəaliyyətin təbii yolu hesab etmək olar.

- Ötən il Azərbaycandan Meksikaya nə qədər turist səfər edib? Meksikanın turizm potensialı haqqında nə deyə bilərsiniz?

- Meksika dünyanın 10 ən çox ziyarət olunan ölkələrindən biridir. 2014-ci ildə ölkəyə 27 milyondan çox turist səfər edib. Meksika "Pueblos Magicos" (Sehrli şəhərlər) konsepsiyasını işləyib hazırlayıb. Bu proqram Meksikanın Turizm nazirliyinin Meksika tarixi və mədəni irsinin, həmçinin qədim ənənələrinin qorunmasına yönələn bir layihədir. Bu siyahıya qədim xalqların yaşadığı şəhərlər, memarlıq abidələri, xalqın qorunub saxlanılan ənənələri və sənətkarlıq nümunələri daxildir.

Biz turizmin inkişafı ilə bağlı təcrübə mübadiləsi də apara bilərik. Meksika - ziyarət olunmalı bir ölkədir.

Mənim Meksikaya səfər etmiş Azərbaycanlı turistlərin sayı haqqında məlumatım yoxdur. Amma mən əminəm ki, ölkənin biznes, mədəniyyət və turizm sahələri haqqında daha ətraflı məlumatlar əldə etdikcə, bu say artacaq.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Meksikanın mövqeyi nədən ibarətdir?

- Dağlıq Qarabağda vəziyyət uzun müddət həll olunmamış qalır və mən münaqişənin BMT Nizamnaməsi prinsiplərinə uyğun olaraq həllininin tapılmasını arzulayıram. Meksika Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi hərbi əməliyyatların dayandırılması və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi ilə bağlı qətnamələri dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi